Başqa dillərə tərcümə nöqteyi-nəzərindən Müqəddəs Kitab dünyada birinci yeri tutur. Beş əsr bundan əvvəl Müqəddəs Kitab yalnız 33 dilə tərcümə edilmiş, XIX əsrin əvvəllərində isə 70 dilə tərcümə edilmişdir.
Müəyyən edilmişdir ki, 2007-ci ilin sonunadək Müqəddəs Kitab dünyada mövcud olan 6900 dildən tam surətdə 438 dilə, yalnız Əhdi-Cədid olmaqla qismən 1168 dilə tərcümə olunmuşdur. Bu kitab son zamanlar yeni dillərə daha sürətlə tərcümə edilir. Orta hesabla hər on gündən bir yeni tərcümə nəşr olunur. Planetimizdə yaşayan insanların 6 faizinin hələ öz ana dilində Müqəddəs Kitabı yoxdur.
Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsi XIX əsrin ortalarından başlamışdır. 1878-ci ildə Əhdi-Cədid bütövlüklə tərcümə olundu. 1891-ci ildə Əhdi-Ətiq nəşr olundu. Bu kitablar əski ərəb əlifbası ilə nəşr olunmuşdur. 1982-ci ildə Əhdi-Cədid yenidən tərcümə olunub kirill əlifbası ilə nəşr olunmuşdur. 1995-ci ildən başlayaraq Əhdi-Ətiqin Azərbaycan dilinə yenidən tərcüməsi başlandı. Əhdi-Ətiqin ayrı-ayrı kitabları tərcümə edilərək qismən çap olundu: 1999-cu ildə Rut və Yunus, 2000-ci ildə Yaradılış və Süleymanın Məsəlləri kitabları, 2004-cü ildə Zəbur və Əhdi-Ətiq Kitabı bütünlüklə nəşr olunmuşdur.