ÖN SÖZ
Əhdi-Ətiq Ya Rəbb mənə yolunu göstər, Sənin həqiqətinlə addımlayım. Qəlbimi səmimi et, Qoy Sənin ismindən qorxum. Məzmur 86:11-12
Əziz oxucu!
Sizin əlinizdəki Müqəddəs Kitab Allahın Kəlamıdır.
Bu Müqəddəs Kitab Allahdan ilham almış Müqəddəs Yazılar toplusudur. Allah Müqəddəs Kitabda insanlara əbədi həyata malik olmaq üçün həqiqət yolunu göstərir. Siz bu kitabdan hikmət, əxlaqi və mənəvi dəyərlər əldə edə bələcəksiniz. Bu kitab keşməkeşli həyat yollarında Allahın iradəsini öyrənməkdə sizə kömək edəcək.
Müqəddəs Kitab iki hissədən ibarətdir: Əhdi-Ətiq və Əhdi-Cədid.
Əhdi-Ətiq Allah tərəfindən bütün millətlər üçün İsrail, yəni Yəhudi xalqına nazil olan Müqəddəs Yazılardır. Əhdi-Ətiq 39 kitabdan ibarət olub, qədim ibrani və arami dillərində yazılmışdır. Əhdi-Ətiq dörd hissəyə bölünür. Tövrat – Musanın Qanun kitabı (ilk 5 kitab), Tarixi kitablar (Yeşua Kitabı ilə başlayaraq, cəmi 12 kitab), Poetik kitablar (Zəbur və digər 4 kitab), Peyğəmbərlərin kitabları (Yeşaya Peyğəmbərin Kitabı ilə başlayaraq, cəmi 17 kitab). Bu kitablar xəbər verir ki, bəşər övladları üçün dünyaya Xilaskar gələcək.
Əhdi-Cədid, yaxud İncil 27 kitabdan ibarət olub, qədim yunan dilində yazılmışdır. İlk dörd kitab İsa Məsihin həyatından, təlimindən, ölümündən və dirilməsindən bəhs edir. Həvarilərin İşləri Kitabı İsa Məsih ölüb-diriləndən sonra Onun həvarilərinin gördükləri işlərdən danışır. İncil kitabına daxil olan məktublar İsa Məsihin həvariləri və yaxın ardıcılları tərəfindən yazılmışdır. Bu məktublar ilk imanlılar cəmiyyətlərinə (kilsələrə) yol göstərmək, İsa Məsihin təliminə uyğun həyat tərzi yaşamaq və qarşılaşdıqları çətinliklərin öhdəsindən necə gəlməyi öyrədir. İncilin Vəhy adlanan son kitabı isə insanlara gələcəkdə baş verəcək hadisələri açıqlayır.