Yeşaya | İsayya

GİRİŞ

«Yeşaya» Kitabının adı miladdan əvvəl VIII əsrin ikinci yarısında Yerusəlimdə yaşamış Yeşaya adlı böyük peyğəmbərin adı ilə bağlıdır. Yeşaya ibrani dilində «Rəbb xilas edir» mənasını verir. Kitabın belə adlanması müəyyən mənada kitaba bir mahiyyət verir.
Kitabı üç əsas hissəyə bölmək olar:
(1) 1-39-cu fəsillər cənub padşahlığı olan Yəhudanın qüvvətli qonşusu Aşşur ölkəsi tərəfindən təhdid edildiyi dövrə aiddir. Peyğəmbər alovlu nitqləri ilə xalqı və onun başçılarını salehliyə və doğru həyata çağırır. Yeşaya dönə-dönə xəbərdarlıq edirdi ki, Allaha itaətsizlik ölkənin dağılmasına və xalqın məhv olmasına səbəb olacaq. O həm də bütün dünyaya sülh və Davud nəslindən kamil padşah gələcəyini qabaqcadan xəbər verirdi.
(2) 40-55-ci fəsillər tarixi vəziyyətin dəyişməsini özündə əks etdirir. Bu fəsillər Yəhuda xalqının Babil əsarətində olduğu dövrə aiddir. Aşşurlulardan sonra Orta Şərqdə hakimiyyəti ələ keçirən Babillilər miladdan əvvəl 586-cı ildə Yerusəlimi zəbt edib əhalisini Babilə sürgün etdilər. Babil əsirliyi zamanı Yəhuda xalqı ümidini itirmiş və miskin hala düşmüşdü. Belə vəziyyətdə Yeşaya peyğəmbərlik edir ki, Allah Öz xalqını azad edəcək və onlar Yerusəlimdə yeni həyata başlayacaq. Bu fəsillər göstərir ki, tarixi idarə edən Allahdır və Onun Öz xalqına olan amalını başqa millətlər üçün də tətbiq etmək istəyir. Burada bütün millətlərin İsrail vasitəsilə xeyir-dua alacağından bəhs edilir.
(3) 56-66-cı fəsillərdə sürgündə olan yəhudilərin Yerusəlimdə yenidən yaşayacağı və Allahın Öz vədlərinə sadiq qalmasına əmin ola biləcəkləri bəyan edilir. Burada salehliyə və ədalətə əməl etməyə, Şənbə gününə düzgün riayət edilməsinə, qurban təqdiminə, duaya və oruca xüsusi diqqət yetirilir.
Kitabın məzmunu:
1:1–12:6 Xəbərdarlıq və vədlər
13:1–23:18 Millətlərin cəzalandırılması
24:1–27:13 Allahın dünyanı mühakimə etməsi
28:1–35:10 Sonrakı xəbərdarlıq və vədlər
36:1–39:8 Yəhuda padşahı Xizqiya və Aşşurlular
40:1–55:13 Təsəlli və ümid sözləri
56:1–66:24 Xəbərdarlıq və vədlər

Yeşaya 1

1 Yəhuda padşahları Uzziya, Yotam, Axaz, Xizqiyanın dövründə Yəhuda və Yerusəlim barəsində Amots oğlu Yeşayaya görünən görüntü.

Rəbb xalqına xəbərdarlıq edir

2Ey göylər, eşidin,

Ey yer üzü, dinləyin!

Çünki Rəbb belə söylədi:

«Övladlar yetişdirib böyütdüm,

Amma onlar Mənə qarşı üsyankar oldular.

3Öküz yiyəsini,

Eşşək də sahibinin təknəsini tanıyır,

Lakin İsrail xalqı Məni tanımır,

Xalqım anlamır».

4Günah edən millətin,

Şər işlər görən xalqın,

Yolunu azmış nəslin,

Pozulmuş övladların vay halına!

Onlar Rəbbi tərk etdilər,

İsrailin Müqəddəsinə xor baxdılar,

Ondan üz döndərdilər.

5Siz nə üçün yenə döyüləsiniz,

Niyə üsyan etməkdə davam edirsiniz?

Xoralar başınızı tamamilə bürüyüb,

Ürəyiniz azara düşüb.

6Təpədən dırnağacan bədəniniz xəstədir,

Bir sağlam yeriniz yoxdur:

Yaralarınız, zədələriniz,

Yenə də vurulmuş yaralarınız

Təmizlənməmiş, sarılmamış,

Məlhəmlə yumşaldılmamışdır.

7Ölkəniz viran qaldı,

Şəhərləriniz alışıb-yandı,

Yadellilər gözünüzün önündəcə torpağınızı yeyib-dağıtdı.

Torpağınız kimsəsiz qalıb,

Sanki yad adamlar oranı talayıb.

8Sion qızı bağdakı çardaq, bostandakı koma,

Mühasirəyə alınmış şəhər kimi tək qalıb.

9 Əgər Ordular Rəbbi

Bizim üçün bir neçə adamı sağ qoymasaydı,

Biz Sodom kimi olardıq,

Homorraya bənzəyərdik.

10Ey Sodom başçıları,

Rəbbin sözünü eşidin!

Siz, ey Homorra xalqı,

Allahımızın təlimini dinləyin!

11 Rəbb deyir:

«Qurbanlarınız çoxalıb, Mənə nə?

Yandırma qoç qurbanlarından,

Bəslənmiş heyvanların piyindən doymuşam.

Buğa, quzu, təkə qanını istəmirəm.

12Hüzuruma gələrkən

Əlinizdə bunları gətirməyinizi kim istədi?

Məbədimin həyətlərinə boş yerə ayaq basırsınız.

13Mənə artıq batil təqdimlər gətirməyin,

Buxur Məndə ikrah yaradır.

Pisliklə dolu

Təzə Ay mərasimlərinizə,

Şənbə günlərinizə,

Müqəddəs toplantılarınıza

Dözə bilmirəm!

14Təzə Ay mərasimlərinizə,

Bayram günlərinizə

Ürəkdən nifrət edirəm.

Bunlar Mənə yük oldu,

Onları daşımaqdan yoruldum.

15Siz əl açıb Mənə yalvaranda

Göz yumacağam.

Nə qədər çox dua etsəniz də,

Yenə qulaq asmayacağam.

Əlləriniz qanla doludur,

16Yuyunub təmizlənin,

Gözümün önündə işlərinizi şərdən uzaqlaşdırın,

Pislik etməkdən vaz keçin.

17Yaxşılıq etməyi öyrənin,

Ədaləti axtarın,

Məzlumları qurtarın,

Yetimin haqqını qoruyun,

Dul qadını müdafiə edin».

18Rəbb deyir:

«Gəlin indi birgə düşünək bu an,

Günahlarınız qıpqırmızı parça kimi görünsə də,

Onlar qar kimi ağ olacaq,

Tünd qırmızı rəngə çalsa da,

Onlar ağ yun kimi bəyaz olacaq.

19İtaətkar olub sözə baxsanız,

Torpağın ən gözəl bəhrələrindən yeyərsiniz.

20Əgər üsyankar olub Məni rədd etsəniz,

Qılınc sizi yeyəcək».

Bu sözlər Rəbbin ağzından çıxıb.

Günahlı şəhər

21Rəbbə sadiq şəhər

Necə də fahişəyə bənzər oldu!

Axı o, ədalətlə dolu idi,

Orada salehlik məskunlaşmışdı,

İndi isə qatillərlə doludur!

22Gümüşünüz tullantıya çevrildi,

Şərabınıza su qatıldı.

23Başçılarınız üsyankar olub oğrularla əlbirdir.

Hər kəs rüşvəti sevir, bəxşiş dalınca düşür.

Yetimin haqqını qorumur,

Dul qadını müdafiə etmək haqqında düşünmür.

24Buna görə də Sahibimiz, Ordular Rəbbi,

İsrailin Qadir Allahı

Belə bəyan edir:

«Yağılarımı cəzalandırıb rahatlanacağam,

Düşmənlərimdən qisas alacağam.

25Ey İsrail xalqı, sənə əlimi uzadacağam,

Paxırını gilabı ilə təmizləyəcəyəm,

Bütün çirkini yuyacağam.

26Hakimlərini, məsləhətçilərini

Əvvəlki kimi geri qaytaracağam.

Sənə yenidən:

“Salehlik şəhəri, sadiq şəhər” deyiləcək».

27Sion ədalətlə,

Tövbə edən sakinləri salehliklə qurtulacaq.

28Lakin üsyankarlarla günahkarlar

Birgə həlak olacaq,

Rəbbi tərk edənlər yox olacaq.

29Palıd ağaclarına səcdə etməkdən xəcalət çəkəcəksiniz,

Seçdiyiniz bağlarda ibadət etməkdən utanacaqsınız.

30Yarpaqları solmuş palıd ağacına,

Susuz bağa dönəcəksiniz.

31Güclü adam kətan qırıntısına oxşayacaq,

Gördüyü iş qığılcım kimi olacaq,

İkisi birlikdə yanacaq,

Onları söndürən olmayacaq.

Yeşaya 2

Rəbbin dağı

(Mik. 4:1-3)

1Amots oğlu Yeşayanın Yəhuda və Yerusəlim barəsində gördükləri: 2Axır zamanda Rəbbin evi olan dağ

Dağların zirvəsində möhkəm duracaq,

Təpələrdən yuxarı ucalacaq.

Bütün millətlər ona sarı gələcək.

3Çox xalqlar gəlib deyəcək:

«Gəlin Rəbbin dağına,

Yaqubun Allahının evinə qalxaq,

Qoy Rəbb bizə Öz yollarını öyrətsin,

Biz Onun rizləri ilə gedək».

Siondan Rəbbin təlimi,

Yerusəlimdən Onun kəlamı yayılacaq.

4 Millətlər arasında Rəbb hakim olacaq,

Çox xalqlar haqqında qərar çıxaracaq.

Onlar qılınclarından kotan,

Nizələrindən isə dəryaz düzəldəcək.

Millət millətə qarşı qılınc qaldırmayacaq,

Artıq dava etməyi öyrənməyəcək.

5Ey Yaqub nəsli, gəlin Rəbbin nurunda gəzək.

Rəbbin günü

6Ya Rəbb, xalqını – Yaqub nəslini atdın,

Çünki onlar

Şərqdən gələn mövhumatlara uymuşdular,

Filiştlilər kimi falçılıq edirlər,

Əcnəbilərin adət-ənənələrinə əməl edirlər.

7Ölkələri qızıl-gümüşlə dolu,

Xəzinələrinin sonu yoxdur.

Ölkələrində çoxlu atlar var,

Döyüş arabaları külli miqdardadır.

8Ölkələri bütlərlə doludur,

Əlləri ilə düzəltdikləri,

Barmaqları ilə işlədikləri

Bütlərin qarşısında səcdə qılırlar.

9Buna görə də hamı yerə səriləcək,

Hər kəs diz üstə çökdürüləcək.

Ya Rəbb, onları bağışlama!

10 Rəbbin zəhmli üzündən,

Ehtişamının əzəmətindən

Qayalıqlara gedin,

Yerin altında gizlənin.

11Adamların təkəbbürlü baxışları alçaldılacaq,

İnsanların qüruru qırılacaq,

O gün yalnız Rəbb yüksəldiləcək.

12Çünki o gün Ordular Rəbbi

Bütün qürurluları, lovğaları, məğrurları alçaldacaq.

13Livanın bütün hündür və vüqarlı sidr ağaclarını məhv edəcək,

Bütün Başan palıdlarını yox edəcək.

14Bütün ulu dağları, hündür təpələri,

15Bütün yüksək qüllələri,

Qala divarlarını yerlə yeksan edəcək,

16Bütün Tarşiş gəmilərini,

Bütün gözəl gəmiləri yox edəcək.

17Adamların təkəbbürü qırılacaq,

İnsanların qüruru alçaldılacaq,

O gün yalnız Rəbb ucaldılacaq.

18Bütlər tamamilə aradan götürüləcək.

19 Rəbb yeri sarsıtmağa qalxanda

Onun zəhmli üzündən, ehtişamının əzəmətindən

Hər bir insan qayalıqdakı mağaralara,

Yerin altındakı xəndəklərə qaçıb girəcək.

20O gün insanlar

Səcdə etmək üçün düzəltdikləri

Qızıl və gümüş bütlərini götürüb

Köstəbək və yarasaların

Qabağına atacaqlar ki,

21Rəbb yeri sarsıtmağa qalxarkən

Onun zəhmli üzündən, ehtişamının əzəmətindən

Qaçmaq üçün qayalıqdakı çatlaqlara,

Uçurumlardakı yarıqlara girsinlər.

22Nəfəsi burunda olan insandan əl çəkin,

Onun nə dəyəri var ki?

Yeşaya 3

Yerusəlimdə qarmaqarışıqlıq

1Budur, Sahibimiz, Ordular Rəbbi

Yerusəlimdən və Yəhudadan hər bir yardımı, köməyi,

Bütün çörək, su yardımını kəsəcək.

2İgidlərlə cəngavərləri,

Hakimlərlə peyğəmbərləri,

Falçılarla ağsaqqalları,

3Əllibaşılarla adlı-sanlı adamları, məsləhətçiləri,

Mahir sehrbazlarla cadugərləri aradan qaldıracaq.

4Uşaqları onların üzərinə başçı qoyacağam,

Qoy körpələr onlara hökm etsin.

5İnsan insanla, qonşu qonşusu ilə,

Cavan yaşlı ilə, adi adam nüfuzlu insanla

Həyasızcasına rəftar edəcək.

6Ailədə qardaş qardaşa sarılıb deyəcək:

«Sənin heç olmasa əyninə geyməyə paltarın var.

Sən başçımız ol,

Qoy bu xarabalıqlar sənin əlinin altında olsun!»

7O vaxt bu adam uca səslə söyləyəcək:

«Mən yaralarınızı sarımağı bacarmaram,

Çünki evimdə nə yemək, nə də paltar var,

Məni xalqın başçısı qoymayın».

8Yerusəlim sarsıldı, Yəhuda dağıldı,

Çünki sözləri və əməlləri

Rəbbə qarşı oldu,

Onun əzəmətli hüzuru kimsə tərəfindən sayılmadı.

9Sifətlərinin ifadəsi onlara qarşı şəhadət edir,

Günahları haqda Sodomdakı kimi açıq danışırlar,

Bunu gizlətmirlər.

Vay onların halına!

Axı bu bəlanı başlarına özləri gətirdi.

10Saleh adamlara söyləyin ki,

Onlara yaxşılıq ediləcək,

Çünki onlar xeyirxahlıqlarının bəhrəsini yeyəcək.

11Pis adamların vay halına!

Çünki onlara pislik olunacaq,

Elədikləri əməlləri qarşılarına çıxacaq.

12Uşaqlar xalqıma zülm edir,

Qadınlar üzərimizdə hökm sürür!

Ey xalqım, sənə yol göstərənlər

Səni azdırır, yolunu dolaşdırırlar!

13Rəbb məhkəməsini qurmaq üçün qalxır,

Xalqları mühakimə etmək üçün durur.

14Rəbb xalqının rəhbərlərini,

Başçılarını məhkəməyə gətirir:

«Sizsiniz üzüm bağını yeyib-dağıdan,

Kasıbların malı ilə evlərinizi dolduran.

15Nə haqla xalqıma zülm edib

Yoxsullara əzab verirsiniz?»

Bunu Ordular Rəbbi Xudavənd bəyan edir.

Yerusəlim qadınlarına xəbərdarlıq

16Rəbb deyir: Madam ki

Sion qızları çox təkəbbürlüdür,

Boylana-boylana gəzir, göz-qaş oynadır,

Addımlarını asta-asta atırlar,

Ayaqlarındakı xalxalları cingildədib yeriyirlər,

17Buna görə də Xudavənd

Sion qızlarının başlarına qotur salacaq.

Ayıb yerlərini açıb göstərəcək.

18O gün Xudavənd onların bəzəklərini –

Topuqlara taxılan bilərziklərini,

Araqçınlarını, aypara şəkilli boyunbağılarını,

19Sırğalarını, qolbaqlarını, örpəklərini,

20Tac şəkilli başlıqlarını,

Bazubəndlərini, qurşaqlarını,

Ətirlə dolu mücrülərini,

Tilsimlənmiş bəzək əşyalarını,

21Üzüklərini, burun halqalarını,

22Bayram libaslarını, paltarlarını,

Örtüklərini, əl çantalarını,

23Güzgülərini, nəfis toxunmuş kətan libaslarını,

Çalmalarını, duvaqlarını əllərindən alacaq;

24O vaxt gözəl ətir yerinə üfunət,

Kəmər əvəzinə ip,

Lülə-lülə saç əvəzinə keçəl baş,

Bəzəkli paltar əvəzinə çul bürüncək,

Gözəllik əvəzinə dağlanma olacaq.

25Kişiləriniz qılıncla,

İgidləriniz döyüşdə məhv olacaq.

26Yerusəlimin darvazaları

Nalə çəkib yas tutacaq,

Bu şəhərsə kimsəsiz qadın tək

Quru yerdə oturacaq.

Yeşaya 4

1O gün yeddi qadın

Bir kişinin yaxasından tutub belə deyəcək:

«Öz çörəyimizi yeyib öz paltarımızı geyinərik,

Təki adın üstümüzdə olsun,

Bizi xəcalətdən qurtar».

Yerusəlimin gələcəyi

2O gün Rəbbin Pöhrəsi gözəl və əzəmətli olacaq, İsrail xalqından xilas olub sağ qalanlar torpağın verdiyi bəhrə ilə fəxr edib şərəflənəcəklər. 3Sionda, yəni Yerusəlimdə sağ qalanlara, orada qeyd olunub yaşayanlara «müqəddəs» deyiləcək. 4Xudavənd Sion qızlarının murdarlığını yuyan zaman ədalət və alov ruhu ilə Yerusəlimi günahlı qandan təmizləyəcək. 5 Sonra Rəbb Sion dağının hər yanını, orada toplananların üzərini gündüz bulud və tüstü, gecə isə parlaq alovla örtəcək. Həqiqətən, əzəmətli şəhərin üzərinə örtük olacaq. 6Bu bir çardaq olub gündüz qızmar istidə kölgə olacaq, fırtına ilə yağışa qarşı sığınacaq və daldalanma yeri olacaq.

Yeşaya 5

Üzüm bağı haqqında nəğmə

1Sevgilimin üzüm bağı barəsində Məhəbbət nəğməsini oxuyuram:

Torpağın məhsuldar bir təpəsində

Sevgilimin bir üzüm bağı var idi.

2O, torpağı belləyib daşlardan təmizlədi,

Seçmə meynələr əkdi,

Ortada gözətçi qülləsi tikdi,

Üzümsıxan düzəltdi,

Üzümlüyün barını gözlədi,

Amma bağ cır üzüm gətirdi.

3«İndi isə xahiş edirəm, ey Yerusəlimdə yaşayanlar,

Ey Yəhuda adamları,

Mənimlə üzüm bağımın arasında hakim olun!

4Bağım üçün daha nə etməliyəm?

Üzümlüyün barını gözləyərkən

Axı nə üçün bağım cır üzüm gətirsin?

5İndi qoy mən sizə bağımla nə edəcəyimi bildirim:

Çəpərini sökəcəyəm və onu yeyib-dağıdacaqlar,

Hasarını yıxacağam və onlar tapdalanacaq.

6Oranı viranəliyə çevirəcəyəm,

Oranı nə budayacaqlar, nə də belləyəcəklər.

Orada tikan və qanqal bitəcək,

Buludlara əmr edəcəyəm ki,

Üzərinə yağış yağmasın».

7İsrail nəsli Ordular Rəbbinin üzüm bağıdır,

Yəhuda adamları isə Onun sevimli meynələridir!

O, ədalət gözləyirdi,

Budur, zorakılıq gördü,

O, salehlik gözləyirdi,

Budur, fəryadlar gördü!

İnsanların pis əməlləri

8Yer qalmayana qədər evi evə,

Tarlanı tarlaya birləşdirənlərin vay halına!

Yaşamağa yer qoymamısınız,

Məgər bu ölkədə tək siz yaşayırsınız?

9Ordular Rəbbi mənə belə eşitdirdi:

«Böyük və yaraşıqlı çoxlu evlər xaraba qalacaq,

İçində yaşayan olmayacaq.

10Üzümlüyün on sahəsindən

bir bat şərab əldə ediləcək, Bir xomer toxumdan bir efa taxıl əmələ gələcək».

11Vay halına səhər erkən qalxıb içki ardınca düşənlərin,

Gecə yarısınadək şərab içib keflənənlərin!

12Onların ziyafətlərində

Lira, çəng, dəf və ney çalınar,

Şərab içilər,

Lakin onlar Rəbbin gördüyü işlərə

Diqqət etməzlər, əməllərinə baxmazlar!

13Buna görə xalqım ağılsızlığından sürgünə gedəcək,

Onun adlı-sanlı adamları acından öləcək,

Adi adamlar isə susuzluqdan yanacaq!

14Ölülər diyarı həddindən artıq ağzını açıb

Doymaq bilmir.

Yerusəlimin adlı-sanlıları,

Adi adamları, səs-küylə əylənən insanları bu diyara enəcək.

15Buna görə də hamı yerə səriləcək,

Hər kəs diz üstə çökdürüləcək,

Təkəbbürlü baxışlar alçaldılacaq.

16Amma Ordular Rəbbi

Ədaləti ilə ucaldılacaq,

Müqəddəs Allah salehliyi ilə

Müqəddəsliyini göstərəcək.

17Quzular öz otlaqlarındakı kimi otlayacaq,

Varlıların viranə qalan evlərini yadellilər alacaq.

18Pisliyi yalanla hörülmüş iplərlə,

Günahı araba kəndirləri ilə çəkənlərin vay halına!

19Onlar deyir: «Qoy Allah tələssin,

Öz əməlini tez həyata keçirsin, biz də görək.

Qoy İsrailin Müqəddəsinin niyyəti gerçək olsun ki, bunu bilək!»

20Vay halına pisə yaxşı, yaxşıya pis söyləyənlərin,

Qaranlığı işıq, işığı qaranlıq sayanların,

Acıya şirin, şirinə acı deyənlərin!

21Vay halına özlərini müdrik zənn edənlərin, ağıllı sayanların!

22Vay halına şərab içməkdə qəhrəman,

İçkiləri qarışdırıb içməkdə pərgar olanların!

23Vay halına rüşvət alıb təqsirkara bəraət qazandıranların,

Haqlıların haqqını əlindən alanların!

24Beləliklə, alovun dili samanı necə yeyib-qurtarırsa,

Küləş od içində necə əriyib-gedirsə,

Onlar da köklərindən elə çürüyəcək,

Tumurcuqları toz kimi havaya sovrulacaq,

Çünki Ordular Rəbbinin qanununu rədd etdilər,

İsrailin Müqəddəsinin sözünə xor baxdılar.

25Buna görə də Rəbbin qəzəbi Öz xalqına qarşı alovlandı,

Əlini onlara qarşı uzadaraq onları vurdu.

Dağlar titrədi, küçələrdə meyitləri zibil kimi qaldı,

Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi,

Əli hələ də cəzalandırmağa hazır idi.

26Rəbb uzaqda yaşayan millətləri

Bayraq işarəsi ilə,

Onları yer üzünün ucqarlarından

Fit səsi ilə səsləyəcək.

Tezliklə bu millətlər gələcək.

27Aralarında yorulan, büdrəyən olmayacaq.

Onlar mürgüləməyəcək və yuxuya getməyəcək,

Belindəki kəmər açılmayacaq, ayaqqabı bağı qırılmayacaq.

28Onların oxları iti, yayları da dartılmışdır.

Atların dırnaqları çaxmaq daşına bənzər,

Döyüş arabalarının təkərləri qasırğa kimidir.

29Onların nərəsi bağıran şikarlarını qapıb aparan,

Kimsə onu əlindən ala bilməyən

Şirin, gənc aslanın nərəsinə bənzər.

30O gün İsrailə qarşı onlar dənizin uğultusu kimi gurlayacaqlar.

Kim yerə baxarsa, budur, zülmət, dərd görəcək.

Axı işıq qara buludlarla örtülüb.

Yeşaya 6

Yeşayanın görüntüsü

1Padşah Uzziya ölən il mən Xudavəndi gördüm. O, uca və əzəmətli taxtda oturmuş və geyimlərinin ətəyi məbədin döşəməsini örtmüşdü. 2Onun ətrafında seraflar dayanmışdı. Hər birinin altı qanadı var idi. Qanadının ikisi ilə üzlərini, ikisi ilə ayaqlarını örtmüş, ikisi ilə uçurdular. 3 Biri o birini səsləyib deyirdi: «Ordular Rəbbi müqəddəsdir, müqəddəsdir, müqəddəsdir!

Bütün yer üzü Onun əzəməti ilə doludur».

4 Serafların səsindən qapı çərçivələri ilə kandarları sarsıldı, məbəd tüstü ilə doldu. 5Mən dedim: «Vay halıma, həlak oldum!

Çünki ağzı murdar bir adamam,

Həm də murdar ağızlı adamlar arasında yaşayıram.

Buna baxmayaraq, qarşımda Padşahı –

Ordular Rəbbini gözlərimlə gördüm».

6Seraflardan biri mənə tərəf uçdu, əlində də maşa ilə qurbangahdan götürdüyü yanar kömür var idi. 7O, kömürlə dodaqlarıma toxunaraq dedi: «Budur, bu kömür dodaqlarına dəydi,

Pisliyin silindi, günahın bağışlandı».

8Sonra Xudavəndin səsini eşitdim: «Kimi göndərim? Bizim üçün kim gedəcək?» Mən dedim: «Mən buradayam. Məni göndər». 9 O dedi: «Get bu xalqa bunu çatdır: “Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız,

Gördükcə görəcəksiniz, amma qanmayacaqsınız.

10Bu xalqın ürəyini kütləşdir, qulaqlarını ağır eşidən elə, gözlərini yum ki, Gözləri ilə görməsinlər, qulaqları ilə eşitməsinlər,

Ürəkləri ilə anlamasınlar

Və Mənə sarı dönüb şəfa tapmasınlar”».

11«Nə vaxtadək, ya Xudavənd?» deyə soruşdum. Rəbb cavab verdi: «Şəhərlər xarabalıqlara dönüb kimsəsiz,

Evlər adamsız, bu torpaq büsbütün viranə qalanadək.

12Rəbb adamları çox uzaqlara sürgün edəcək,

Ölkənin çox yerləri viran qalacaq.

13Xalqın onda biri qalsa belə,

Ölkə yenə dağılacaq;

Lakin kəsiləndə kötüyü qalan

Yabanı püstə və palıd ağacı kimi

Müqəddəs nəsil onun kötüyüdür».

Yeşaya 7

Padşah Axaza bir işarə: İmmanuel

1Uzziya oğlu Yotam oğlu Yəhuda padşahı Axazın hökm sürdüyü dövrdə Aram padşahı Resinlə İsrail padşahı Remalya oğlu Peqah Yerusəlimə hücum etdilər, amma oranı ala bilmədilər. 2Davud nəslinə xəbər verildi ki, Aramlılarla Efrayimlilər birləşib ordu düzəldib. Padşahın və xalqın ürəyi meşə ağacları küləkdən titrəyən kimi titrədi. 3Rəbb Yeşayaya dedi: «Axazı qarşılamaq üçün oğlun Şear-Yaşuvla birgə yuxarı hovuzun su yolunun qurtaracağına, Mahudbasan tarlasına gedən yola çıx». 4Ona belə de: «Diqqətli və sakit ol, qorxma! Qoy ürəyin bu tüstülənən, yarısı yanmış iki odun parçasından – Resinin, Aramın və Remalya oğlunun qızğın qəzəbindən qorxmasın! 5Aram, Efrayim və Remalya oğlu sizə qarşı şər quraraq 6belə deyir: “Gəlin Yəhudanın əleyhinə çıxaq, vahiməyə salaraq zəbt edək və Tabel oğlunu oraya padşah qoyaq”». 7Xudavənd Rəbb belə deyir: «Bu iş olmayacaq, baş tutmayacaq.

8Çünki Aramın paytaxtı Dəməşqdir,

Dəməşqin başçısı da Resindir. Efrayim isə altmış beş ildən sonra

Darmadağın edilib xalq kimi qalmayacaq.

9Efrayimin paytaxtı Samariyadır,

Samariyanın başçısı isə ancaq Remalyanın oğludur.

Əgər imanda möhkəm durmasanız,

Heç dayana bilməzsiniz».

10Rəbb yenə Axaza söylədi: «Allahın Rəbdən bir işarə istə. 11Qoy ya ölülər diyarı qədər dərin ya da göylər qədər uca olsun». 12Lakin Axaz cavab verdi: «Xeyr, Rəbbi sınamaq istəmirəm». 13Bunun üstündən Yeşaya belə dedi: «Eşidin, ey Davud nəsli! İnsanları bezdirməyiniz bəs deyilmi ki, mənim Allahımı da bezdirirsiniz? 14 Buna görə də Xudavənd Özü sizə işarə verəcək: budur, bakirə qız hamilə olub oğlan doğacaq, adını İmmanuel qoyacaq. 15Bu uşaq pisə pis deyib yaxşını seçə biləndə kəsmik və bal yeyəcək. 16Amma bu uşaq pisə pis deyib yaxşını seçə bilməzdən əvvəl səni dəhşətə salan o iki padşahın torpaqları boş qalacaq. 17Rəbb səni, xalqını və ata nəslini Efrayimin Yəhudadan ayrıldığı bu günə qədər görünməyən fəlakətə uğradacaq, Aşşur padşahını üstünüzə gətirəcək. 18O vaxt gələndə Rəbb fit çalacaq və

Misir çaylarının mənsəblərində yaşayanları milçəklər kimi,

Aşşur torpaqlarında yaşayanları arılar kimi səsləyəcək.

19Onlar axın-axın gəlib dərin vadilərdə,

Qaya yarıqlarında, bütün tikanlı kolluqlarda,

Otlaqlarda məskunlaşacaq.

20O gün Xudavənd Fəratın o tayından muzdla tutduğu ülgüclə –

Aşşur padşahı ilə saçlarınızı,

Bədəndəki tüklərinizi və saqqallarınızı qırxacaq.

21O gün bir düyə ilə bir cüt qoyun bəsləyən

22Aldığı bol süd nəticəsində kərə yağı yeyəcək.

Ölkədə sağ qalan hər kəs kərə yağı ilə bal yeyəcək.

23O gün min gümüş dəyərində min tənək olan

Bağ tikanlı, qanqallı çölə dönəcək.

24Adamlar oralardan oxlarla, kamanlarla keçəcək,

Çünki ölkənin hər yanı tikan və qanqalla örtüləcək.

25Bir vaxt şumlanıb əkin əkilən təpələr

Kimsənin girə bilməyəcəyi tikanlı, qanqallı çölə dönəcək,

Mal-qaranın gəzdiyi, qoyun-keçinin tapdaladığı yerlərə çevriləcək».

Yeşaya 8

İşarə: Maher-Şalal-Xaş-Baz

1Rəbb mənə belə dedi: «Böyük tumar götür və üstündə aydın hərflərlə Maher-Şalal-Xaş-Baz yaz. 2Kahin Uriya ilə Yeverekya oğlu Zəkəriyyəni özümə etibarlı şahid seçdim». 3Sonra mən peyğəmbər olan arvadımla yaxınlıq etdim və o hamilə olub bir oğlan doğdu. Rəbb mənə dedi: «Onun adını Maher-Şalal-Xaş-Baz qoy. 4Çünki körpə “anam, atam” deməyi öyrənməzdən əvvəl Dəməşqin sərvəti və Samariyanın qəniməti Aşşur padşahına aparılacaq». 5Rəbb mənimlə yenə danışıb belə dedi: 6«Bu xalq sakit axan Şiloah sularını rədd edib

Resinlə Remalyanın oğluna meyl saldıqlarına görə

7Mən Xudavənd, Fəratın coşan qüdrətli sularını –

Aşşur padşahı və onun qüvvətini bu xalqın üstünə gətirəcəyəm.

Bu sular öz yataqlarından yuxarı qalxaraq aşıb-daşacaq.

8Bu sular Yəhudanı basacaq, daşıb içindən keçəcək,

Boğaza qədər çatacaq.

Ordular qanadlarını açıb bütün ölkəyə dolacaq, ey İmmanuel!»

9Ey xalqlar, pis işlər görün və qırılın!

Ey yer üzünün bütün uzaq ölkələri, eşidin!

Döyüşə hazırlaşın və qırılın!

Bəli, döyüşə hazırlaşın və qırılın!

10Birlikdə məsləhətləşin, o boşa çıxacaq.

İstədiyiniz qədər danışın, heç bir söz gerçək olmayacaq,

Çünki Allah bizimlədir.

Rəbbin Öz xalqına xəbərdarlığı

11Rəbb bu xalqın tutduğu yol ilə getməməyi söyləyərək məni qüdrətli əli ilə saxladı və belə xəbərdarlıq etdi: 12

«Bu xalqın sui-qəsd dediyi hər şeyə siz sui-qəsd deməyin, Onların qorxduqlarından qorxmayın, lərzəyə gəlməyin.

13Ordular Rəbbini müqəddəs sayın,

Ondan qorxun və lərzəyə gəlin!

14O, Müqəddəs məkan olacaq, Amma İsrailin iki padşahlığına büdrəmə daşı və yıxma qayası,

Yerusəlim sakinlərinə tələ və tor olacaq.

15Bir çoxları büdrəyib yıxılacaq və qırılacaq,

Tələyə düşüb əsir aparılacaq».

16Ya Rəbb, şagirdlərimin arasında

Şəhadətini qoruyub saxla, təlimini möhürlə!

17Yaqub nəslindən üzünü gizlədən Rəbbi gözləyəcəyəm, Ona ümid edəcəyəm.

18Mən və Rəbbin mənə verdiyi övladlar

Sion dağında məskunlaşan Ordular Rəbbinin

İsraildəki rəmzləri və nişanələriyik.

19Sizə bəzi adamlar deyəndə ki, «pıçıldayıb-mırtıldayan cindarlarla, ruhçağıranlarla danışın», onlara belə cavab verin: «Xalq öz Allahından məsləhət almamalıdırmı? Heç dirilər barəsində ölülərlə danışarlarmı? 20Allahın təliminə, şəhadətinə sarı dönün! Əgər onlar Allahın kəlamı ilə danışmasa, onlar üçün nur şəfəqi saçmayacaq. 21Onlar çarəsiz və ac qalaraq oradan keçəcəklər. Ac qalanda qəzəblənəcəklər, padşahlarını və özlərinin Allahını lənətləyəcəklər. 22Göyə də, yerə də baxsalar, əzabdan, qaranlıqdan, zülmətdən savayı heç bir şey görməyəcəklər. Qatı zülmətə atılacaqlar».

Yeşaya 9

Sülh Hökmdarı

1Lakin əzab çəkmiş xalq qaranlıqda qalmayacaq. Keçmişdə Rəbb Zevulun və Naftali bölgələrini alçaltdı,

Gələcəkdə isə dənizkənarı yolu,

İordan çayının o biri tayını,

Müxtəlif millətlər yaşayan Qalileyanı

Şərəfə çatdıracaq.

2 Zülmətdə yaşayan xalq

Möhtəşəm bir işıq gördü.

Ölüm kölgəsi diyarında məskunlaşanların

Üzərinə nur doğdu.

3Ya Rəbb, milləti çoxaldıb sevinclərini artırdın,

Əkib-biçənlərin fərəhləndiyi,

Qənimət bölənlərin sevindiyi kimi

Onlar da Sənin hüzurunda sevindilər.

4Çünki onlara yük olan boyunduruğunu,

Çiyinlərini döyən çomağını,

Onlara zülm edənlərin dəyənəyini çilik-çilik etmisən

Midyanlıların başlarına gətirdiyin gün kimi.

5Döyüşdə geyilən çəkmələri,

Qana bulanmış geyimləri yandırılacaq,

Oda yem olacaq.

6Çünki bizim üçün körpə doğuldu,

Bizə oğul verildi,

Hakimiyyət onun çiyinləri üzərində olacaq,

Onun adı Ecazkar Məsləhətçi, Qüdrətli Allah,

Əbədi Ata, Sülh Hökmdarı olacaq.

7 Hakimiyyətinin və sülhünün artmasının sonu olmayacaq,

O, Davudun taxtı və padşahlığı üzərində hökm sürəcək,

O, hakimiyyətini ədalətlə və salehliklə indidən sonsuzadək quracaq.

Ordular Rəbbinin qeyrəti bunu edəcək.

Rəbbin İsrailə qarşı qəzəbi

8İsrail üzərində həyata keçirilsin deyə

Rəbb Yaqub nəslinin əleyhinə xəbərdarlıq etdi.

9Bütün xalq,

Efrayimin, Samariyanın sakinləri

Bunu biləcək.

Bu qürurlu, təkəbbürlü xalq belə deyir:

10«Kərpic evlərimiz yıxıldı,

Amma əvəzinə yonma daşdan evlər tikərik.

Firon ənciri ağacları kəsildi,

Amma biz onların əvəzinə sidr ağacları əkərik».

11Buna görə Rəbb Resinin düşmənlərini gücləndirəcək,

Yağılarını dirçəldəcək,

12Aramlılar şərqdən,

Filiştlilər qərbdən

Ağızlarını açıb İsraili udacaq.

Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi,

Əli hələ də cəzalandırmağa hazır idi.

13Amma xalq onu cəzalandıran Rəbbə tərəf dönmədi,

Ordular Rəbbini axtarmadı.

14Buna görə Rəbb İsraildən başı, quyruğu,

Xurma ağacının budağını, qarğını bir gündə kəsib atacaq.

15Baş – ağsaqqal və hörmətli şəxsdir,

Quyruq isə yalan təlim verən peyğəmbərdir.

16Bu xalqa yol göstərənlər onları azdırır,

Onların ardınca gedənlər qırılır.

17Buna görə də Xudavənd

Onların cavanlarına görə sevinməyəcək,

Yetimlərin və dul qadınların halına yanmayacaq.

Çünki hamı allahsızdır,

Şər işlər görür,

Hamının ağzından axmaq kəlmələr çıxır.

Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi,

Əli hələ də cəzalandırmağa hazır idi.

18Ona görə pislik alovlanıb-yanır,

Tikanla qanqalı yandırıb-yaxır,

Meşədəki kolluqlar məhv olur,

Tüstü sütunları qalxır.

19Ordular Rəbbinin qəzəbi

Ölkəni od kimi yandırdı,

Xalqı alov yandırıb-yaxır,

Qardaş qardaşa rəhm etmir.

20Adamlar orada-burada tapdıqlarını yeyəcək,

Amma doymayıb ac qalacaq.

Hər kəs öz uşağının ətini yeyəcək.

21Menaşşe Efrayimi yeyəcək,

Efrayim Menaşşeni.

Sonra birlikdə Yəhudaya hücum edəcəklər.

Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi,

Əli hələ də cəzalandırmağa hazır idi.

Yeşaya 10

1Haqsız qaydalar çıxaranların,

Ədalətsiz qanun qoyanların,

2Yoxsullardan ədaləti əsirgəyənlərin,

Xalqımın kasıblarının haqqını əlindən alanların,

Dul qadınları soyanların,

Yetimlərin malını ələ keçirənlərin vay halına!

3Cəza günü uzaqlardan başınıza bəla gələndə nə edəcəksiniz?

Kömək üçün kimin yanına qaçacaqsınız?

Mal-dövlətinizi harada saxlayacaqsınız?

4Dustaqlar arasında əyilməkdən

Yaxud öldürülənlər arasında yıxılmaqdan

Başqa bir çarə qalmayacaq.

Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi,

Əli hələ də cəzalandırmağa hazır idi.

Allahın Aşşura verdiyi cəza

5«Vay Aşşurun halına, O Mənim qəzəb əsam,

Əlindəki dəyənəksə qeyzimdir!

6Aşşuru göndərəcəyəm allahsız millətin üstünə,

Qəzəbləndiyim xalqın üzərinə hücum etməyə,

Qarət etməyə, talan malı götürməyə.

Onları küçələrdəki palçıq kimi

Tapdalamağa əmr verəcəyəm.

7Amma Aşşur padşahı

Bundan da pis niyyətlər haqda düşünür,

Bir neçə millətin kökünü kəsib məhv etməyi fikirləşir.

8O deyir: “Məgər sərkərdələrimin hamısı padşahlardan artıq deyilmi?

9Kalnonu Karkemiş kimi ələ keçirmədimmi?

Xamat və Arpad şəhərlərini süqut etdirmədimmi?

Samariya ilə Dəməşq bizə təslim olmadılarmı?

10Yerusəlimlə Samariyadakından daha çox oyma bütləri olan

Bütpərəst ölkələri necə ələ keçirdimsə,

11Samariyaya və onun bütlərinə nə etdimsə,

Yerusəlimə və onun bütlərinə də elə etmərəmmi?”»

12Xudavənd Sion dağında və Yerusəlimdə işini bitirəndən sonra belə deyəcək:

«Aşşur padşahını qürurlu ürəyinə görə,

Təkəbbürlü baxışlarına görə cəzalandıracağam.

13Çünki o deyir:

“Bunu mən əlimin qüvvəti ilə, hikmətim və ağlımla etdim.

Xalqları ayıran sərhədləri yox etdim, xəzinələrini talan etdim,

Bir güclü buğa kimi padşahları taxtlarından endirdim.

14Elə bil əlimi quş yuvasına uzadıb

Xalqların var-dövlətini götürdüm.

Elə bil yiyəsiz yumurtaları yığıb

Bütün dünyanı mən beləcə zəbt etdim.

Qanad çırpan, ağzını açıb səsini çıxaran belə, olmadı”».

15Balta onu işlədənin qarşısında öyünərmi?

Mişar onu qaldıranın qarşısında qürrələnərmi?

Sanki dəyənək onu götürəni işlədir,

Elə bil ağacdan düzəlmiş əsa canlını hərəkət etdirir.

16Buna görə Sahibimiz, Ordular Rəbbi

Aşşurun güclü əsgərlərinə azar göndərəcək,

Möhtəşəm orduları od tutub yanacaq.

17İsrailin Nuru od,

İsrailin Müqəddəsi alov olacaq.

Aşşuru tikan və qanqal kimi bir gündə yandırıb yox edəcək.

18Gözəl meşələri, məhsuldar tarlaları

Tamamilə xarab olacaq,

Ağır xəstəliyə tutulan insanın canı kimi

Həlak olacaq.

19Meşələrində qalan ağaclarsa

Bir uşağın saya biləcəyi qədər az qalacaq.

İsrailin sağ qalanları

20O gün İsrailin sağ qalanları,

Yaqubun nəslindən xilas olub sağ qalanlar

Onları həlak edənlərə artıq bel bağlamayacaq.

Lakin, həqiqətən, Rəbbə –

İsrailin Müqəddəsinə arxalanacaq.

21Sağ qalanlar,

Yaqub nəslindən sağ qalanlar

Qüdrətli Allaha tərəf dönəcək,

22Ey İsrail, xalqın dəniz qumu qədər çox olsa belə, Onlar arasından ancaq sağ qalanlar Allaha tərəf dönəcək.

Tükənməz ədalətlə dağıdılma hökmü verilib.

23Xudavənd, Ordular Rəbbi dağıdılma hökmünü

Bütün dünyada yerinə yetirəcək.

Rəbb Aşşuru cəzalandıracaq

24Buna görə də Xudavənd, Ordular Rəbbi belə deyir:

«Ey Sionda yaşayan xalqım,

Misirlilərin sənə etdiyi kimi

Səni dəyənəklə vuran,

Üzərinə çomaq qaldıran

Aşşurlulardan qorxma.

25Çünki bu yaxında qəzəbim sönəcək,

Hiddətim Aşşurluların məhvinə səbəb olacaq».

26Mən Ordular Rəbbi, Midyanlıları Orev qayasında vurduğum kimi

Onları da qırmancla vuracağam,

Dəyənəyimi Misirlilərə qarşı nə cür dənizin üzərinə uzatdımsa,

İndi də elə edəcəyəm.

27O gün Aşşurun yükü çiyninizdən,

Boyunduruğu boynunuzdan götürüləcək.

Dirçəldiyinizə görə boyunduruq qırılacaq.

İşğalçıların hücumu

28Ayat şəhərini alıb Miqrondan keçdilər,

Mikmasda yüklərini boşaltdılar.

29Onlar keçidi keçdi, Gevada gecələdi,

Rama şəhəri lərzəyə gəldi,

Şaulun şəhəri Giveada yaşayanlar qaçdı.

30Ey Qallim əhli, səsini ucalt!

Ey Layşa, dinlə,

Ey zavallı Anatot!

31Madmena sakinləri qaçır,

Gevim sakinləri sığınacaq axtarır.

32Bu gün işğalçılar Novda qalacaq,

Sion şəhərinin qurulduğu dağa –

Yerusəlim təpəsinə yumruq göstərəcək.

33Budur, Sahibimiz, Ordular Rəbbi

Düşməni dəhşətli gücü ilə budaqlar kimi kəsəcək.

Ən hündür ağaclar qırılacaq,

Qürurlular alçaldılacaq.

34Meşədəki kolluqları balta kimi

Kəsib yerə sərəcək.

Livan Qüdrətli Olanın önündə diz çökəcək.

Yeşaya 11

Sülh ümidi

1Yesseyin kötüyündən yeni bir fidan çıxacaq, Kökündən çıxan bir budaq bar verəcək.

2Rəbbin Ruhu,

Hikmət və anlayış ruhu,

Öyüd-nəsihət və qüdrət ruhu,

Bilik və Rəbb qorxusu ruhu

Onun üzərində olacaq.

3O, Rəbb qorxusunda sevinc tapacaq.

Gözlərinin gördüyü ilə hökm etməyəcək,

Qulağı ilə eşitdiyinə görə qərar çıxarmayacaq.

4Lakin o, yoxsullara haqq ilə hökm edəcək, Yer üzündəki fəqirlərin işinə ədalətlə qərar çıxaracaq.

Dünyanı ağzının dəyənəyi ilə vuracaq.

Pis adamları ağzının nəfəsi ilə öldürəcək.

5O, belini salehliklə qurşayacaq, Sədaqəti kəmər kimi taxacaq.

6O gün qurdla quzu bir yerdə yaşayacaq, Bəbirlə çəpiş birgə yatacaq,

Dana, gənc aslan və bəslənmiş mal-qara

Yan-yana duracaq,

Onları balaca uşaq gəzdirəcək.

7İnəklə ayı bir yerdə otlayacaq,

Onların balaları bir yerdə yatacaq,

Şir də buğa tək saman yeyəcək.

8Südəmər körpə əfi ilanın

Yuvası üstündə oynayacaq,

Süddən kəsilmiş uşaq

Əlini gürzənin yuvasına salacaq.

9Müqəddəs dağımın heç bir yerində Heç kimə zərər dəyməyəcək,

Heç bir kəs o birisini məhv etməyəcək.

Çünki sular dənizi bürüdüyü kimi

Dünya Rəbbin biliyi ilə dolacaq.

Əsirlər geri qayıdacaq

10O gün Yesseyin kökü xalqlara bayraq olacaq, Millətlər ona tərəf yönələcək

Məskunlaşdığı yer izzətlə dolacaq.

11O gün Xudavənd Aşşurdan,

Misirdən, Patrosdan, Kuşdan,

Elamdan, Şinardan, Xamatdan və uzaq diyarlardan

Xalqının sağ qalanlarını qurtarmaq üçün

İkinci dəfə əlini uzadacaq.

12Millətlər üçün bayraq qaldıracaq,

Əsir düşmüş İsrail övladlarını yığacaq,

Dağılmış Yəhudalıları

Dünyanın dörd bucağından bir yerə gətirəcək.

13Efrayimin qısqanclığı yox olacaq,

Yəhudanı sıxışdıranlar məhv olacaq.

Efrayim Yəhudaya qısqanmayacaq,

Yəhuda Efrayimi sıxışdırmayacaq.

14Onların ikisi qərbdə Filiştlilərin üstünə hücum edəcək,

Birlikdə şərqdə yaşayanların var-dövlətini qarət edəcək,

Edom və Moav torpaqlarını zəbt edəcək,

Ammonlular onlara tabe olacaq.

15Rəbb Misirdəki dənizin körfəzini Büsbütün qurudacaq.

Fərat çayının üzərində

Əlini yellədərək səmum küləyi gətirəcək,

O, çayı yeddi dərəyə böləcək,

Adamlar oradan çarıqlarla keçə biləcək.

16İsrail övladları Misir torpağından çıxdığı kimi

Rəbbin Aşşurda sağ qalan xalqı üçün

Böyük bir çıxış yolu olacaq.

Yeşaya 12

Şükür məzmuru

1O gün sən, ey İsrail, belə deyəcəksən: «Ya Rəbb, Sənə şükür edəcəyəm!

Sən mənə qəzəblənirdin,

Lakin qəzəbin söndü,

Mənə təsəlli verdin.

2Allah xilasımdır, Ona güvənəcəyəm və qorxmayacağam,

Çünki Rəbb Allahımız qüvvətim, məzmurumdur,

O mənə xilas verdi!»

3Sevinclə xilas mənbələrindən

Su çəkəcəksiniz.

4O gün belə deyəcəksiniz, «Rəbbə şükür edin, Onun adını çağırın,

Xalqlar arasında Onun işlərini bəyan edin,

Onun adının ucalığını elan edin.

5Rəbbi tərənnüm edin,

Çünki O, möhtəşəm işlər gördü,

Qoy bütün dünya bunu bilsin!

6Ey Sion sakinləri, səsinizi ucaldın,

Sevinclə çığırın,

Çünki aranızdakı İsrailin Müqəddəsi böyükdür».

Yeşaya 13

Allah Babili cəzalandıracaq

1Amots oğlu Yeşayaya Babil haqqında görüntü ilə nazil olan xəbərdarlıq: 2Çılpaq dağın zirvəsinə bayraq sancın!

Döyüşçüləri bərkdən səsləyin,

Əl edin ki, onlar

Əsilzadələr üçün ayrılan qapılardan içəri girsin.

3Mən seçdiklərimə əmr verdim,

Qəzəbimi düşmənlərə tökmək üçün

Cəsur cəngavərləri,

Ucalığımla öyünən igidləri səslədim.

4Dağlardakı izdihamın gurultusunu eşidin,

Bu, böyük bir xalqın səsinə bənzər.

Bir yerə toplanan millətlərin,

Padşahlıqların nidasını dinləyin!

Ordular Rəbbi bir ordunu döyüşə çağırır!

5Onlar uzaq ölkədən,

Üfüqlərin o biri tərəfindən gəlir.

Ölkəni tamamilə yerlə yeksan etmək üçün

Rəbb və Onun qəzəbinin silahı gəlir.

6Fəryad edin, çünki Rəbbin günü yaxınlaşır. O gün Külli-İxtiyarın etdiyi qırğın kimi gəlir!

7Buna görə hamının əlləri yanına düşəcək,

Hər kəs qorxub ürəyini yeyəcək.

8Hər bir adamı dəhşət bürüyəcək,

Dərd və iztirab içində boğulacaq,

Doğan qadın kimi ağrı çəkəcək,

Çaşqın-çaşqın bir-birinə baxacaq,

Üzləri qızaracaq.

9Budur Rəbbin günü gəlir,

Amansızlıqla, qeyzlə, qızğın qəzəblə gəlir ki,

Yeri səhraya döndərsin,

Oradakı günahkarları məhv etsin.

10Göydəki ulduzlar və bürclər işıq verməyəcək, Günəş doğarkən tutulacaq,

Ay nurunu saçmayacaq.

11Rəbb deyir: «Pisliyə görə dünyanı,

Günahlarına görə pis adamları cəzalandıracağam.

Təkəbbürlülərin qürurunu qıracağam,

Zalımların məğrurluğunu alçaldacağam.

12İnsan saf qızıldan da az olacaq,

Adam Ofir qızılından da nadir halda tapılacaq.

13Buna görə də Mən Ordular Rəbbi,

Qızğın qəzəb günündə

Qeyzlə göyləri titrədəcəyəm,

Yer üzü lərzəyə gələcək.

14Hər kəs qovulan ceyrana, çobansız qoyunlara dönüb

Öz xalqının yanına qayıdacaq,

Öz vətəninə qaçacaq.

15Bütün tutulanların bədəni dəlik-deşik olacaq,

Ələ keçənlərin hamısı qılıncdan keçiriləcək.

16Onların gözləri önündə körpələri parça-parça ediləcək,

Evləri talan ediləcək,

Arvadlarının namusuna toxunulacaq.

17Gümüşə qiymət verməyən,

Qızılı sevməyən Midiyalıları

Onlara qarşı qaldıracağam.

18Ox-kamanları gəncləri parça-parça edəcək,

Körpələrə rəhm etməyəcəklər,

Uşaqları əsirgəməyəcəklər.

19Mən Allah Sodomla Homorranı necə dağıtdımsa, Padşahlıqların ən gözəli olan,

Xaldeylilərin calalı və qüruru olan

Babili də elə yıxacağam.

20Orada bir daha heç kim yaşamayacaq, Nəsildən-nəslə kimsə məskunlaşmayacaq.

Ərəblər çadırlarını qurmayacaq,

Çobanlar sürülərini orada saxlamayacaq.

21Ora vəhşi heyvanların yaşadığı yer olacaq, Bayquşlar evlərdə qaynaşacaq,

Orada dəvəquşular məskən salacaq,

Təkələr oynaşacaq.

22Saraylarında goreşənlər çığıracaq,

Gözəl imarətlərində çaqqallar gəzəcək.

Babilin sonu yaxınlaşır,

O günlər tez gəlib çatacaq».

Yeşaya 14

Əsirlərin qayıtması

1Rəbb Yaqub nəslinə rəhm edəcək,

İsrail xalqını yenə seçib torpaqlarına sakin edəcək,

Yadellilər də Yaqub nəslinə qoşulacaq, onlarla birləşəcək.

2Xalqlar İsrail xalqını götürüb torpaqlarına aparacaq.

Onda İsrail xalqı Rəbbin torpağında

Onları özlərinə qul və kəniz edəcək;

Onları əsir aparanları özləri əsir edəcək,

Onlara zülm edənlərin üzərində hökm sürəcək.

Ölülər diyarına düşən Babil padşahı

3Rəbb səni ağrıdan, sıxıntıdan,

Gördüyün ağır işdən qurtaranda

4Babil padşahına lağ edib belə deyəcəksən:

«Zülmkarın sonu gör necə oldu!

Zorakılığın axırı gör necə oldu!

5Rəbb pis adamların dəyənəyini,

Hökmdarların əsasını qırdı.

6O əsa ki dayanmadan xalqları qəzəblə vurardı,

Millətləri qeyzlə, amansızca əzərdi.

7İndi isə bütün dünya

Sakitlik və rahatlıq içində sevincdən coşur.

8Livanın şam və sidr ağacları

Sənin fəlakətinə sevinərək deyir:

“Sənin ölümündən bəri heç kim bizi kəsməyə gəlmir”.

9Yerin altındakı ölülər diyarı sənə “xoş gəldin” deyib,

Səni qarşılamağa can atır, ey Babil padşahı!

Yer üzünün ölən bütün başçıları

Sənin gəlişindən həyəcanlanır,

Millətlərin bütün keçmiş padşahları

Taxtlarından ayağa qalxır.

10Hamı səni çağırıb belə deyəcək:

“Sən də bizim kimi zəif oldun, bizə bənzədin!”

11Cah-calalın, çənglərinin səsi

Ölülər diyarına endirildi.

Altını qurd, üstünü həşərat bürüdü.

12Ey parlaq ulduz, dan oğlu, Necə də göylərdən yerə düşdün!

Ey millətləri tapdalayıb keçən,

Necə də yerə yıxıldın!

13Sən ürəyində dedin: “Göylərə qalxacağam,

Taxtımı Allahın ulduzları üzərində ucaldacağam,

Şimaldakı yüksək yerdə, toplantı dağında oturacağam,

14Uca buludların üzərinə çıxacağam,

Haqq-Taala kimi olacağam”.

15Ancaq ölülər diyarına,

Ölüm çuxurunun dərinliyinə endiriləcəksən.

16Səni görənlər gözlərini zilləyib

Sənin haqqında düşünüb belə deyəcək:

“Dünyanı sarsıdan, padşahlıqları lərzəyə salan,

17Yer üzünü səhraya çevirən,

Şəhərlərini yerlə yeksan edən,

Dustaqları evlərinə buraxmayan adam bu deyilmi?”

18Bütün millətlərin padşahları,

Hər biri öz əzəmətli sərdabəsində uyuyur.

19Lakin sən iyrənc budaq kimi

Qəbrindən kənara, uzağa atıldın,

Bir çuxurun dibinə tullanan,

Bədənləri qılıncla deşilən meyitlərlə örtülmüsən,

Ayaq altında qalan leş kimisən.

20Ölkəni dağıdıb xalqını öldürdüyünə görə

Başqaları kimi dəfn olmayacaqsan.

Pislik edənlərin nəsli bir daha xatırlanmayacaq.

21Atalarının günahına görə

Övladları üçün qırğın hazırlayın ki,

Onlar qalxıb dünyanı zəbt etməsinlər,

Dünyanın üzərini şəhərləri ilə bürüməsinlər».

22«Babil xalqına qarşı qalxacağam»

Bunu Ordular Rəbbi bəyan edir.

«Babilin adını, sağ qalanlarını, oğullarını,

Nəsillərini yox edəcəyəm» Rəbb bəyan edir.

23«Babili bayquş yuvasına, bataqlığa çevirəcəyəm,

Qırğın süpürgəsi ilə süpürəcəyəm»

Ordular Rəbbi bəyan edir.

Rəbb Aşşurluları cəzalandıracaq

24Ordular Rəbbi and içib belə deyir: «Mütləq düşündüyüm kimi olacaq,

Niyyət etdiyim kimi gerçəkləşəcək.

25Ölkəmdə Aşşurluları məhv edəcəyəm,

Dağlarımda onları tapdalayacağam.

Xalqım Aşşurun boyunduruğundan,

Çiyinlərindəki yükündən qurtulacaq.

26Bütün dünya üçün hazırladığım hökm budur,

Bütün millətlərə qarşı uzanan əl budur.

27Ordular Rəbbinin hökmünü kim poza bilər?

Uzanan əlini kim geri qaytara bilər?»

Rəbb Filiştliləri cəzalandıracaq

28 Padşah Axazın öldüyü ildə görüntü ilə nazil olan xəbərdarlıq:

29«Ey bütün Filiştlilər, sevinməyin ki, sizi döyən dəyənək qırıldı, Çünki ilanın kökündən gürzə törəyəcək,

Onun törəməsi də uçan ilan olacaq.

30Kasıbların ən kasıbı doyacaq,

Fəqirlər rahat dincələcək.

Amma sizin kökünüzü qıtlıqla kəsəcəyəm,

Sağ qalanlarınız da öldürüləcək.

31Ey darvaza, fəryad et!

Ey şəhər, ağla!

Ey bütün Filiştlilər, başdan-başa əriyin!

Çünki şimaldan tüstü gəlir,

Düşmən əsgərləri nizamı pozmadan gəlir».

32O millətin elçilərinə nə cavab veriləcək?

«Rəbb Sionun təməlini qoyub,

Onun xalqının fəqirləri orada

Sığınacaq tapacaq» deyiləcək.

Yeşaya 15

Moavın dağılması

1Moav barədə xəbərdarlıq: Moavın Ar şəhəri bir gecəyə xarabalığa döndü, dağıldı,

Moavın Kir şəhəri bir gecəyə viranəliyə döndü, dağıldı.

2Buna görə Divon xalqı ağlamaq üçün məbədə, Səcdəgahlara çıxdı.

Moav xalqı Nevo və Medva üçün fəryad edir.

Yas tutmaq üçün hamı saçını kəsdi,

Saqqalını qırxdı.

3Çula bürünərək küçələrdə,

Damlarda, meydanlarda hər kəs fəryad edir,

Göz yaşları sel kimi axır.

4Xeşbon və Elale fəryad edir,

Səsləri Yahsaya qədər eşidilir.

Buna görə Moav əsgərləri nalə çəkir,

Ürəkləri qorxu içindədir.

5Ürəyim Moav üçün kədərlənir,

Oranın qaçqınları Soara, Eqlat-Şelişiyaya doğru qaçdı.

Luxit yoxuşundan ağlayaraq çıxırlar.

Xoronayim yolunda məhv olduqları üçün ağlayırlar.

6Nimrim suları quruduğu üçün ot soldu,

Bitkilər qalmadı, artıq göy-göyərti yox oldu.

7Buna görə xalq qazandığı mal-dövlətini, yığdığı sərvətini

Söyüdlər vadisindən keçirir.

8Xalqın ağlaşması Moav torpağını bürüyür,

Fəryadı Eqlayimədək, Beer-Elimədək çatır.

9Çünki Dimon suları qanla doludur,

Amma Mən Dimonun başına daha betər bəla gətirəcəyəm,

Moavdan qaçıb-qurtulanların,

Ölkədə sağ qalanların üstünə şirlər göndərəcəyəm.

Yeşaya 16

1Seladan səhra yolu ilə Sion dağına,

Ölkənin hökmdarına quzular göndərin.

2Moav qızları yuvalarından atılmış,

Ora-bura uçan quşlara bənzəyir,

Onlar Arnon çayının bərələrində dolaşır.

3«Bizə öyüd ver, ədalət göstər,

Gündüzün istisində gecə kimi üstümüzə kölgə sal,

Sürgünləri saxla, qaçqınları təslim etmə.

4Qoy Moavdan sürgün olanlar

Səninlə birlikdə yaşasın,

Məhv edənlərə qarşı biz Moavlıların pənahı ol».

Qarət və qırğın qurtaranda,

Ölkəni ayaqları altına salanlar yox olanda,

5Məhəbbət üzərində taxt qurulacaq,

Davud nəslindən bir nəfər

Sədaqətlə padşahlıq edəcək,

Hökm edərkən ədaləti axtaracaq,

Tezliklə salehliyi yerinə yetirəcək.

6Moavlıların nə dərəcədə Qürurlanıb lovğalandıqlarını,

Nə cür təkəbbürlü olduqlarını eşitdik,

Boş yerə öyünürlər.

7Buna görə Moavlılar Moav üçün fəryad edəcək;

Hamısı fəryad edəcək,

Qir-Xaresetin kişmiş kökələrini

Yada salaraq inləyib kədərlənəcək.

8Çünki Xeşbon tarlaları,

Sivma tənəkləri qurudu.

Başqa millətlərin başçıları seçmə budaqlarını qırdı,

O budaqları ki Yazerə qədər uzanardı,

Səhraya çatırdı, şaxələnib dənizi aşırdı.

9Buna görə Yazer ağlaşması ilə

Sivma tənəkləri üçün acı-acı ağlayıram.

Ey Xeşbon və Elale,

Çünki yay meyvələrinizin və biçininizin üzərinə

Döyüş nərəsi düşdü.

10Meyvə bağlarından sevinc və fərəh götürüldü,

Üzümlüklərdə nə nəğmələr, nə də sevinc nidaları səslənir.

Üzümsıxanlardan şərab götürülməyəcək,

Onların sevinc səslərini kəsdim.

11Buna görə ürəyim Moav üçün lira kimi inləyir,

Qəlbim Qir-Xareset üçün sızlayır.

12Moav xalqı səcdəgahlarına çıxaraq

Boş yerə özünü yorur,

Dua etmək üçün Müqəddəs məkanına gedəcək,

Amma hər şey boş-boşunadır!

13Rəbbin Moav haqqında keçmişdə dediyi sözü budur. 14İndi isə Rəbb belə deyir: «Tam üç ilin ərzində Moavın şan-şöhrəti çoxsaylı xalqı ilə birgə alçaldılacaq, sağ qalanları azalıb zəifləyəcək».

Yeşaya 17

Aram və İsrail haqqında peyğəmbərlik

1Dəməşq barədə xəbərdarlıq: Budur, Dəməşq daha şəhər olmayacaq,

Bir yığın xarabalığa dönəcək.

2Aroer şəhərləri tərk olunacaq.

Oralar sürülərin otlaq yeri olacaq,

Onları qorxudan olmayacaq.

3Efrayimdə qalalı şəhər qalmayacaq,

Dəməşqin hakimiyyəti yox olacaq,

Sağ qalan Aramlıların qüvvəti

İsrail övladlarının qüvvəti tək olacaq.

Bunu Ordular Rəbbi bəyan edir.

4O gün Yaqub nəslinin əzəməti sönəcək,

Hamısı bir dəri, bir sümük qalacaq;

5Biçinçi taxılı necə biçirsə,

Başaqları əli ilə necə yığırsa,

Refaim vadisində başaqları necə toplayırsa,

Onlar da elə olacaq.

6Zeytun ağacı silkələnəndən sonra

Təpəsində iki-üç zeytun qaldığı kimi,

Bəhərli budaqlarında dörd-beş zeytun qaldığı kimi

Çox az adam sağ qalacaq.

Bunu İsrailin Allahı Rəbb bəyan edir.

7O gün insan öz Yaradanına nəzər salacaq və gözləri İsrailin Müqəddəsini görəcək. 8Əlləri ilə yaratdığı qurbangahlara baxmayacaq, barmaqları ilə düzəltdiyi ilahə Aşeranın rəmzi olan sütunlara, buxur qurbangahlarına nəzər salmayacaq. 9O gün istehkamlı şəhərləri

İsrail övladlarından qaçan Hivlilərlə Emorluların tərk etdiyi

Şəhərlərə bənzəyəcək, viran qalacaq.

10Sən, ey İsrail, sənə qurtuluş verən

Allahını unutdun,

Pənahgahın olan Qayanı xatırlamadın.

Buna görə də sən əcnəbi bütlər üçün bağ əkirsən,

Özgə ağacların budaqlarından peyvənd edirsən.

11Onları əkdiyin gün böyüdürsən,

Ertəsi gün çiçəkləndirirsən,

Amma kədərli, sağalmayan ağrılı gündə məhsul verməyəcəklər.

12Ah, çoxsaylı xalqların gurultusu

Dənizlərin gurultusuna bənzər!

Ümmətlərin nərəsi böyük suların çağlayışına oxşar!

13Ümmətlərin səsi böyük suların gurultusuna bənzəyəcək,

Lakin Allah onları məzəmmət edəcək,

Onlar uzaqlara qaçacaq,

Küləyin qarşısında təpəliklərdəki saman çöpü kimi,

Qasırğanın önündə yuvarlanan küləş kimi qovulacaqlar.

14Axşamçağı onlar dəhşət doğururlar,

Səhər açılmadan yox olurlar.

Bizi soyanların aqibəti budur,

Bizi qarət edənlərin sonu budur.

Yeşaya 18

Allahın Kuşa cəza verməsi

1Kuş çaylarının o tərəfində yerləşən,

Qanad vızıltıları eşidilən ölkənin vay halına!

2Dəniz yolu ilə, qamış qayıqları ilə

Bu ölkə elçilər göndərir!

Ey sürətli qasidlər, yola düşün!

Çaylarla bölünmüş ölkəyə,

Ucaboylu, parlaq dərili millətin,

Hər yanda qorxu doğuran xalqın,

Güclü və işğalçı millətin yanına gedin!

3Ey bütün yer üzündə yaşayanlar!

Ey dünya sakinləri!

Dağların zirvəsinə bayraq dikələndə baxın!

Şeypur çalınanda eşidin!

4Çünki Rəbb mənə belə deyir:

«Günəş şüalarından yaranan qızmarlıq kimi,

Biçin vaxtının istisində şeh buludu kimi

Sakitcə məskənimdən baxacağam».

5Çiçəklənmə qurtarıb məhsul yığımından əvvəl

Üzümlər qora bağlayanda

O, bağ qayçıları ilə pöhrələri kəsəcək,

Şaxələnmiş budaqları qırıb atacaq.

6Hamısı dağın yırtıcı quşlarına,

Yerin vəhşi heyvanlarının qarşısına atılacaq.

Yayda yırtıcı quşlara,

Qışda bütün vəhşi heyvanlara yem olacaq.

7O vaxt çaylarla bölünmüş ölkə

Ucaboylu, parlaq dərili xalq,

Hər yanda qorxu doğuran xalq

Güclü və işğalçı millət

Ordular Rəbbinə,

Ordular Rəbbinin adını qoyduğu yerə –

Sion dağına xərac gətirəcək.

Yeşaya 19

Allahın Misirə cəza verməsi

1Misir barədə xəbərdarlıq: Budur, Rəbb sürətlə gedən buludun üstünə minib Misirə gəlir.

Misir bütləri Onun qarşısında titrəyir,

Misirlilərin ürəkləri qorxudan əriyir.

2Rəbb deyir:

«Mən Misirliləri Misirlilərə qarşı qaldıracağam,

Qardaş qardaşla, qonşu qonşu ilə,

Şəhər şəhərlə, ölkə ölkə ilə vuruşacaq.

3Misirlilərin ruhu qırılacaq, niyyətlərini boşa çıxaracağam.

Onlar bütlərdən, ölü ruhlarından, cindarlardan,

Ruhçağıranlardan məsləhət istəyəcək.

4Misirliləri qəddar bir sahibə təslim edəcəyəm,

Qüvvətli padşah üzərlərində hökm sürəcək».

Sahibimiz, Ordular Rəbbi belə bəyan edir.

5Nilin suları azalacaq,

Çay çəkilib quruyacaq.

6Çaylar iylənəcək,

Misirin arxları boşalıb quruyacaq,

Qamışlar və qarğılar çürüyəcək.

7Nil kənarında, çayın qırağındakı qarğılar,

Nil boyunca əkilmiş zəmilər quruyacaq, sovrulub yox olacaq.

8Balıqçılar, Nilə tilov atanların hamısı ağlayaraq yas tutacaq,

Nilə tilov atanların hamısı ağlayacaq,

Suya tor salanlar kədərlənəcək.

9İncə kətan üzərində işləyənlər,

Ağ bez toxuyanlar ümidlərini itirəcək.

10Misirin sütunları qırılacaq,

Bütün muzdlu işçilər ruhdan düşəcək.

11Soan şəhərinin başçıları necə də axmaqdır!

Fironun hikmətli vəzirləri ağılsız məsləhətlər verir.

Onlar firona necə: «Mən müdriklərin,

Qədim padşahların nəslindənəm!» deyə bilər?

12Ey firon, sənin hikmətli vəzirlərin indi haradadır?

Qoy sənə bildirsinlər

Ordular Rəbbi Misirə qarşı nə hazırlayıb.

13Soan başçıları axmaq oldu,

Nof rəisləri aldandı,

Misir qəbilələrinin başçıları Misiri yoldan azdırdı.

14Rəbb onların ağlını çaşdırdı.

Necə ki sərxoş adam öz qusduğunun ətrafında səndələyirsə,

Misir də öz əməllərində belə dolaşır.

15Misirdə heç kim heç bir iş görə bilməyəcək:

Nə baş, nə quyruq və nə xurma budağı, nə də qamış.

Misir Rəbbə tərəf dönəcək

16O gün Misirlilər qadına bənzəyəcək, Ordular Rəbbinin onlara qarşı qalxan əlinin önündə titrəyib dəhşətə gələcək. 17Yəhuda torpağı Misirliləri dəhşətə gətirəcək. Ordular Rəbbinin Misirə qarşı hazırladığı niyyətə görə Yəhudanın adını eşidən hər kəs vəlvələyə düşəcək. 18O gün Misirdə Kənan dilində danışan və Ordular Rəbbinin adına and içən beş şəhər olacaq. Onlardan biri Həlak şəhəri adlandırılacaq. 19O gün Misir ölkəsində Rəbbə qurbangah qurulacaq, sərhədində isə Ona sütun tikiləcək. 20Bu, Misir torpağında Ordular Rəbbinin əlaməti və şəhadəti olacaq. Onlar zülmkarlardan qurtulmaq üçün Rəbbə fəryad edəcək. O, Misirlilərə xilaskar və müdafiəçi göndərib onları qurtaracaq. 21Rəbb Özünü Misirlilərə tanıtdıracaq, onlar da o gün Rəbbi tanıyacaq. Misirlilər Rəbbə qurbanlar, təqdimlər gətirəcək, nəzir-niyaz edib yerinə yetirəcək. 22Rəbb Misirliləri vuracaq və sonra şəfa verəcək. Onlar Rəbbə tərəf dönəcək, yalvarışları qəbul olunacaq və Rəbb onlara şəfa verəcək. 23O gün Misirdən Aşşura böyük yol olacaq.

Aşşurlu Misirə, Misirli Aşşura gedib-gələcək.

Misirlilərlə Aşşurlular birlikdə Rəbbə səcdə edəcək.

24O gün İsrail Misir və Aşşurun yanında üçüncü ölkə olacaq. Dünya bunların sayəsində xeyir-dua alacaq. 25Ordular Rəbbi onlara xeyir-dua verib deyəcək: «Xalqım Misir, yaratdığım Aşşur, irsim İsrail bərəkətli olsun».

Yeşaya 20

Misir və Kuş üçün əlamət

1Aşşur padşahı Sarqonun əmri ilə ordusunun başçısı Aşdoda gəlib onu ələ keçirtdiyi ildə 2Rəbb Amots oğlu Yeşayaya belə dedi: «Get, əynindəki çulunu və ayağındakı çarıqlarını çıxar». Yeşaya elə də etdi, lüt və ayaqyalın gəzməyə başladı. 3Rəbb dedi: «Misir və Kuş üçün əlamət və ibrət olaraq qulum Yeşaya necə üç il ərzində çılpaq və ayaqyalın dolaşdısa, 4elə də Aşşur padşahı Misiri xəcalətli etmək üçün Misirliləri əsir, Kuşluları sürgün edib gəncləri, qocaları çılpaq və ayaqyalın, ayıb yerləri açıq aparacaq. 5Kuşa güvənən, Misirlə fəxr edən xalq qorxacaq və xəcalətə düşəcək. 6O gün bu sahil boyunca yerləşən ölkənin sakinləri deyəcək: “Aşşur padşahının əlindən qurtulmaq üçün köməyinə güvəndiyimiz, bel bağladığımız xalqların başına gör nələr gəldi! Bəs biz nə cür qurtulacağıq?”»

Yeşaya 21

Babilin düşkünlüyü haqqında görüntü

1Dəniz sahilindəki səhra barəsində xəbərdarlıq: Cənubdan necə fırtınalar gəlirsə,

Səhradan, dəhşətli ölkədən də elə bir fəlakət gəlir.

2Dəhşətli görüntü mənə nazil oldu:

Xain xainlik edir, viranəçi viran edir.

Ey Elam, qalx! Ey Midiya, Babili mühasirəyə al!

Babilin bais olduğu bütün fəryadlara son qoyacağam.

3Gördüklərimdən belimə sancı düşdü,

Doğan qadın tək məni ağrı tutdu.

Eşitdiklərimdən sarsıldım

Gördüklərimdən məni vahimə bürüdü.

4Ürəyim əsir, dəhşət məni bürüyür.

Həsrətlə gözlədiyim sübh artıq məni qorxudur.

5Gördüyüm görüntüdə süfrə hazırlayırlar,

Xalçalar sərirlər,

Yeyib-içirlər.

Qalxın, ey sərkərdələr,

Qalxanları yağlayın!

6Xudavənd mənə belə dedi:

«Get, gözətçi təyin et,

Qoy o gördüklərini danışsın.

7Qoşa atlı döyüş arabalarına,

Atlara, eşşəklərə, dəvələrə minmiş

Adamları gördükdə çox diqqət edin».

8Gözətçi bağırdı: «Ey Xudavənd, gözətçi qülləsində daim duraram,

Hər gecə yerimdə növbəmdə olaram.

9Budur, döyüş arabalarında süvarilər cüt-cüt gəlir». Sonra o çığırdı: «Yıxıldı, Babil yıxıldı!

Onun allahlarının bütləri isə yerə düşüb parça-parça oldu».

10Ey xalqım, ey xırmanda buğda kimi döyülmüş xalqım!

İsrailin Allahı Ordular Rəbbindən eşitdiyimi sizə bildirmişəm.

Duma barəsində görüntü

11Duma barəsində xəbərdarlıq: Bir nəfər Seirdən məni səsləyir:

«Ey gözətçi, gecənin qurtarmağına nə qədər qalıb?

Ey gözətçi, gecənin qurtarmağına nə qədər qalıb?»

12Gözətçi cavab verdi: «Səhərin açılmağına az qalıb,

Lakin yenə gecə gələcək.

Soruşmaq istəsəniz, yenə gəlin soruşun».

Ərəbistan barəsində vəhy

13Ərəbistan barəsində xəbərdarlıq: Ey Dedan karvanları,

Ərəbistan meşələrində gecələyəcəksiniz!

14Ey Tema sakinləri,

Susamışlara su gətirin!

Qaçıb qurtulanlara çörək verin!

15Çünki onlar qılıncdan,

Siyrilmiş qılıncdan,

Çəkilmiş ox-kamandan, ağır döyüşdən qaçıb.

16Xudavənd mənə belə dedi: «Tam bir ilin ərzində Qedarın bütün əzəməti qurtaracaq. 17Oxatanlardan, Qedar nəslinin cəngavərlərindən az qalacaq». İsrailin Allahı Rəbb belə dedi.

Yeşaya 22

Yerusəlim barəsində görüntü

1Görüntü vadisi barəsində xəbərdarlıq: Ey şəhər xalqı, nə olub ki, hamınız damlara çıxmısınız?

2Ey səs-küylü, əylənən, gurultulu şəhər,

Öldürülənləriniz nə qılıncdan keçirildi,

Nə də döyüşlərdə öldürüldü.

3Başçılarınız birlikdə qaçdı,

Onlar kamanlarından ox atmamış yaxalandı.

Uzaqlara qaçdıqlarına baxmayaraq hamısı birgə yaxalandı.

4Buna görə mən belə dedim:

«Məni tənha qoyun, qoy acı-acı ağlayım,

Əziz xalqım məğlub olduğuna görə

Mənə təsəlli verməyə cəhd göstərməyin».

5Çünki Ordular Rəbbi Xudavəndin

Görüntü vadisində təlaş, basqın və çaşqınlıq günü var.

Divarların dağıdılması və fəryadın dağlara çatdığı gün gəlir.

6Elamlılar oxdanlarını tutub adamlarla dolu döyüş arabaları ilə, süvariləri ilə gəldilər.

Kir sakinləri qalxanlarını açdılar.

7Ən gözəl vadilərin döyüş arabaları ilə doludur,

Süvarilər şəhər darvazalarının qarşısına düzüldülər.

8Yəhudanın istehkamları deşik-deşik oldu,

O gün siz «Meşə» adlı evdə saxlanılan silaha nəzər saldınız.

9Davudun şəhərinin divarlarında çoxlu dəlik-deşik əmələ gəldiyini gördünüz,

Aşağı hovuza su yığdınız.

10Yerusəlimdəki evləri saydınız,

Şəhər divarının təmiri üçün evləri sökdünüz.

11Köhnə hovuzun suları üçün

İki divar arasında su anbarı düzəltdiniz.

Lakin bu işi Görənə baxmadınız,

Bunu çoxdan hazırlayan Allaha nəzər salmadınız.

12O gün Ordular Rəbbi Xudavənd sizi ağlaşmağa,

Yas tutmağa, saçınızı yolmağa, çula bürünməyə çağırdı.

13 Fəqət bunun əvəzinə siz sevinc və şadlıq tapdınız,

«Qoy yeyib-içək, çünki sabah öləcəyik!» dediniz,

Cöngə, qoyun kəsdiniz, ət yediniz, şərab içdiniz.

14Ordular Rəbbi bunu mənə açdı:

«Bu günah sizə ölənə qədər əsla bağışlanmaz!»

Ordular Rəbbi Xudavənd belə buyurur.

15Ordular Rəbbi Xudavənd belə dedi:

Dur, saray rəisi Şevnanın yanına get və de:

16«Sənin burada nə işin var?

Kim icazə verib ki,

Burada – yüksəkdə özün üçün məzar qazasan,

Qayanın içində özünə sərdabə düzəldəsən?

17Ey güclü kişi, bax Rəbb səni var-qüvvə ilə atıb-tutacaq,

18Top kimi yuvarlayacaq,

Gen-bol ölkəyə atacaq.

Orada öləcəksən və öyündüyün arabaların orada qalacaq,

Axı öz ağanın evini biabır edən sənsən!

19Səni vəzifəndən atacağam,

Tutduğun yerindən qovacağam.

20O gün qulum Xilqiya oğlu Elyaqimi çağırıb

21Sənin geyimini ona geyindirəcəyəm,

Sənin qurşağını onun belinə bağlayacağam,

Səlahiyyətini onun ixtiyarına verəcəyəm.

Bu adam Yerusəlim sakinlərinə,

Yəhuda xalqına ata olacaq.

22 Davud nəslinin açarını onun çiynindən asacağam,

Açdığını heç kim bağlaya bilməyəcək,

Bağladığını heç kim aça bilməyəcək.

23Mən onu paya kimi bərk yerə vuracağam.

O, nəsli üçün fəxr olacaq.

24Bütün nəslinin şöhrəti onun üzərində olacaq.

Nəslin və övladların şərəfi –

Taslardan tabaqlaradək

Bütün qab-qacaqların şöhrəti

Onun üzərində olacaq».

25Ordular Rəbbi bəyan edir: «O gün bərk yerə vurulmuş paya qırılıb-düşəcək, onun üstünə asılan yük də yox olacaq». Çünki Rəbb belə söylədi.

Yeşaya 23

Sur şəhəri barəsində görüntü

1Sur barəsində xəbərdarlıq: Ey Tarşiş gəmiləri, fəryad edin,

Çünki Sur şəhəri evləri ilə, limanları ilə birlikdə dağıldı,

Kittim torpağından onlara xəbər gəldi.

2Ey sahil sakinləri, dənizçilərin sayəsində varlanan Sidon tacirləri, susun!

3Şixorun taxılı, Nilin məhsulu

Dəniz yolundan gələn gəliriniz idi.

Bütün şəhər millətlərin alver yeri idi!

4Utan, ey Sidon, dəniz sahilində yerləşən qala!

Çünki dəniz belə deyir:

«Mən heç doğuş ağrısı çəkmədim, doğmadım,

Nə oğlanlar yetişdirdim, nə də qızlar böyütdüm».

5Sur haqqında xəbər Misirə çatanda

Misirlilərin ürəkləri üzüləcək.

6Ey sahil sakinləri, Tarşişə doğru gedin, fəryad edin!

7Uzaq ölkələri müstəmləkə etmiş,

Əylənib keflənən sakinləri olan

Qədim şəhər bu imiş?

8Taclar geyindirən Sura qarşı

Bunları kim hazırladı?

Axı bu şəhərin tacirləri şahzadə idi,

Ticarətçiləri dünyanın ən hörmətli adamları idi.

9Ordular Rəbbi bunu hazırladı ki,

Hər cür gözəlliyin qürurunu qırsın,

Yer üzünün hörmətli adamlarını utandırsın.

10Ey Tarşiş qızı, öz torpaqlarından Nil kimi keç,

Artıq maneçilik yoxdur.

11Rəbb dənizin üzərinə əlini uzatdı,

Padşahlıqları titrətdi,

Kənanın istehkamlarının dağılması haqqında əmr verdi.

12Onda Rəbb dedi:

«Ey zorlanmış bakirə Sidon qızı,

Sən bir daha sevinməyəcəksən!

Qalx, Kittimə yollan,

Amma orada da canına rahatlıq tapmayacaqsan».

13Xaldey ölkəsinə bax!

O xalq artıq yoxdur.

Aşşurlular o ölkəni

Vəhşi heyvanların məskəninə döndərdi.

Onlar hücum etmək üçün qüllələri tikdi,

Sarayları dağıtdılar,

Bu diyarı viranəliyə çevirdi.

14Fəryad edin, ey Tarşiş gəmiləri, Çünki istehkamınız dağılıb.

15Bundan sonra Sur şəhəri yetmiş il ərzində bir padşahın ömrü qədər unudulacaq. Yetmiş il keçdikdən sonra Surun da başına fahişə qadın üçün bəstələdiyi nəğmədəki kimi belə gələcək: 16«Ey unudulmuş fahişə,

Əlinə bir lira al, şəhəri dolan!

Gözəl havalar çal, çoxlu nəğmələr oxu,

Qoy səni yada salsınlar!»

17 Yetmişinci ilin sonunda Rəbb Sur şəhərini yada salacaq. Bu şəhər yenə də ticarətə başlayacaq. Dünyanın bütün padşahlıqları ilə fahişəlik edəcək. 18Amma Surun ticarətdən gələn gəliri Rəbbə həsr olunacaq. Ticarətdən qazanılmış pullar xəzinələrə qoyulmayacaq, gizlədilməyəcək. Bu gəlir Rəbbin hüzurunda gəzən adamların yeməyini və gözəl geyimini təmin edəcək.

Yeşaya 24

Rəbbin dünyaya verəcəyi cəza

1Budur, Rəbb yer üzünü boş qoyub xarabalığa çevirəcək,

Dünyanı alt-üst edəcək,

Sakinlərini dağıdacaq.

2Nə xalqla kahin arasında,

Nə nökərlə ağası arasında,

Nə qarabaşla xanımı arasında,

Nə alıcı ilə satıcı arasında,

Nə borc verənlə borc alanın arasında

Nə də sələmçi ilə borc alan arasında

Heç bir fərq qoyulmayacaq.

3Yer üzü tamamilə boş qalıb xarabalığa çevriləcək.

Çünki Rəbb bu sözü söylədi.

4Dünya saralıb-solur,

Yer üzü quruyub-solur.

Dünyanın məğrur insanları məyus olur.

5Dünyanı sakinləri murdar etdi,

Çünki Allahın qanunlarını tapdaladı,

Qaydalarına xor baxdı,

Əbədi əhdi pozdu.

6Bu səbəbə görə

Lənət yer üzünü məhv edir.

Yer üzünün sakinləri

Günahlarının cəzasını çəkir,

Buna görə yanır,

Çox az adam sağ qalacaq.

7Təzə şərab qurtarır, meynələr solur,

Nə vaxtsa fərəhlənən adamlar kədərlənir.

8Dəflərin şən səsi kəsilib, Sevinc nidası eşidilmir,

Liraların avazı gəlmir.

9Bir daha nəğmə oxuyub şərab içmirlər,

İçkinin dadı içənə acı gəlir.

10Viran qalmış şəhər xaraba qalıb,

Bütün evlər qıfıllanıb,

Heç kim ora girə bilmir.

11Şərab çatmamazlığına görə küçələrdə qışqırırlar,

Fərəhdən əsər-əlamət qalmadı.

Dünyanın sevinci əsir aparıldı.

12Şəhər viranə qaldı,

Darvazaları darmadağın oldu.

13Zeytun ağacından zeytunları tökmək üçün ağacı silkələyib döyəndə necə olursa,

Üzüm məhsulu yığılandan sonra qalan salxımlar necə olursa,

Dünyadakı xalqlar da elə olacaq.

14Sağ qalanlar səslərini ucaldıb

Sevinc ilahiləri söyləyəcək,

Qərbdə yaşayanlar Rəbbin əzəmətindən nəql edəcək.

15Beləliklə, şərqdə yaşayanlar Rəbbi ucaldacaq,

Uzaq diyarların sakinləri İsrailin Allahı Rəbbin adını yüksəldəcək.

16Dünyanın ən uzaq guşələrindən tərənnüm ilahisi eşidirik:

«Saleh Olana izzət olsun!»

Amma mən dedim: «Ölürəm, ölürəm! Vay halıma!

Xainlər xainliklərini davam edir,

Bəli, xainlər xaincəsinə hərəkət edir!»

17Ey dünya sakinləri, Qarşınıza dəhşət, dərin çuxur və tələ çıxacaq!

18Dəhşətdən qaçan dərin çuxura düşəcək,

Dərin çuxurdan çıxa bilən tələyə düşəcək.

Göylərin pəncərələri açılacaq,

Dünyanın təməlləri sarsılacaq.

19Yer üzü çatlayacaq, çatlayacaq,

Dünya yarılacaq, yarılacaq,

Dünya lərzəyə gələcək, lərzəyə gələcək!

20Dünya sərxoş kimi yırğalanacaq,

Külək əsəndə talvar kimi silkələnəcək,

Qanunsuzluğun ağırlığı altında yerə yatacaq,

Bir daha qalxa bilməyəcək.

21O gün Rəbb yuxarıda – göydəki orduları,

Aşağıda – yer üzünün padşahlarını cəzalandıracaq.

22Onlar yeraltı zindana dustaq kimi yığılacaq,

Həbsxanada bağlı saxlanacaq,

Uzun müddət keçəndən sonra cəzalanacaq.

23Ay qaralacaq, günəş işıq saçmayacaq.

Çünki Ordular Rəbbi Sion dağında,

Yerusəlimdə hökm sürəcək.

Xalqın başçıları Onun əzəmətini görəcək.

Yeşaya 25

Sevinc ilahisi

1Ya Rəbb, Sən mənim Allahımsan,

Səni ucaldıram, adına həmdlər oxuyuram.

Çünki Sən qədimdən bəri möcüzələrini, niyyətlərini

Sədaqətlə həyata keçirdin.

2Çünki Sən şəhəri bir daş yığınına,

İstehkamlı şəhəri xarabalığa döndərdin.

O şəhər yadellilərin qalası idi,

Ondan əsər-əlamət qalmadı,

O bir daha bərpa olunmaz.

3Buna görə qüvvətli xalqlar Səni izzətləndirəcək.

Qəddar millətlərə mənsub şəhərlər Səndən qorxacaq.

4Çünki Sən yoxsula sığınacaq,

Sıxıntı içində olan fəqirə pənahgah,

Fırtına vaxtı çardaq,

İstilik vaxtı kölgəlik oldun.

Qəddarların nəfəsi divara çarpan fırtına kimidir,

5Quraqlıqda bürkü kimidir.

Lakin Sən, ya Rəbb,

Zülmkarların azğınlığını bulud bürkünün qarşısını alan kimi aldın,

Amansız yağıların nəğmə səslərini kəsdin.

Rəbbin hazırladığı ziyafət

6Bu dağda Ordular Rəbbi bütün xalqlar üçün

Zəngin yeməklərdən, gözəl şərablardan ibarət ziyafət düzəldəcək,

Orada ən ləziz yeməklər, ən dadlı şərablar olacaq.

7Bu dağda bütün xalqların üzərindəki duvağı,

Bütün millətlərin üstündə olan toxunma örtüyü götürəcək.

8Ölümü əbədi olaraq yox edəcək, Xudavənd Rəbb bütün adamların üzündən göz yaşlarını siləcək,

Bütün yer üzündən xalqının rüsvayçılığını götürəcək.

Çünki Rəbb belə söylədi.

9O gün deyəcəklər:

«Budur bizim Allahımız!

Ona etibar etdik, O bizi qurtardı,

Rəbb Odur, biz Ona ümid etdik.

İndi isə O bizi qurtardığına görə

Sevinib şadlanaq!»

Allahın Moava verdiyi cəza

10Rəbbin əli bu dağın üstündə olacaq, Amma Moav peyinliyə düşən saman kimi tapdaq altında qalacaq.

11Üzgüçü üzərkən əl-qol atdığı kimi

Moav peyinlikdə əl-qol atacaq,

Amma Allah Moavın qürurunu əllərinin məharəti ilə alçaldacaq.

12O, Moavın istehkamlarını,

Yüksək divarlarını yerə endirəcək,

Dağıdıb yerlə yeksan edəcək.

Yeşaya 26

Həmd ilahisi

1O gün Yəhuda diyarında belə ilahi oxunacaq: «Qüvvətli şəhərimiz var,

Allahın qurtuluşu şəhər üçün divarlar, səngərlər kimidir.

2Açın şəhərin darvazalarını,

Qoy sadiq qalan saleh millət içəri girsin.

3Ağlı Sənə yönəlmiş adamlara

Sən kamil sülh verirsən,

Çünki onlar Sənə güvənir.

4Rəbbə həmişə güvənin,

Çünki Rəbb Allah əbədi Qayadır.

5O, yuxarıdan gedənləri alçaldar,

Onların yaşadığı şəhəri dağıdar,

Yerlə yeksan edər.

6O şəhər məzlumların ayaqları,

Yoxsulların addımları altında tapdalanacaq.

7Saleh adamın yolu düzdür.

Ey Düz Olan, saleh adamın yolunu Sən düz edirsən.

8Həqiqətən, ya Rəbb, Sənin hökmlərinin yolunda biz Sənə ümid bağlayırıq,

Sənin adın, ismin ürəyimizin istəyidir.

9Qəlbim gecələr Sənin üçün həsrət çəkər,

Bəli, ruhum daxilimdə Səni arayar.

Hökmlərin yer üzündə həyata keçdikcə

Dünyanın sakinləri doğruluğu öyrənir.

10Pis adama rəhm etsələr də,

O, doğruluğu öyrənməz,

Doğruluq hökm sürən ölkədə də haqsızlıq edər,

Rəbbin əzəmətini görməz.

11Ya Rəbb, əlini qaldırdın, Amma pis adamlar bunu görmür.

Öz xalqın üçün göstərdiyin qeyrəti görüb utansınlar.

Bəli, düşmənlərin üçün yağdırdığın od onları məhv edəcək.

12Ya Rəbb, bizə sülh verən Sənsən,

Bütün işlərimizi Sən bizim üçün tənzimləyirsən.

13Ey Allahımız Rəbb,

Səndən savayı başqa ağalar üzərimizdə hökm sürürdü,

Lakin biz yalnız Sənin adını tanıyırıq.

14O ağalar öldü, artıq yaşamır,

Onlar kölgə kimidir, dirilməyəcək,

Çünki Sən onları cəzalandırıb məhv etdin,

Onlar haqqında hər bir xatirəni yox etdin.

15Lakin Sən bu milləti çoxaltdın, ya Rəbb!

Bəli, milləti çoxaltdın,

Özünü izzətləndirdin.

Hər tərəfə ölkənin sərhədlərini genişləndirdin».

16Ya Rəbb, onlar bəlaya düşəndə Səni axtardı.

Sənin cəzan üzərlərində olanda

Sənə dua edib yalvardı.

17Hamilə qadın doğuş vaxtı gələndə

Ağrı çəkib qovrularaq necə qışqırırsa,

Biz də Sənin qarşında elə idik, ya Rəbb!

18Biz də sanki hamilə idik, ağrı çəkirdik,

Lakin küləkdən başqa bir şey doğmadıq.

Nə dünyaya qurtuluş gətirə bildik,

Nə də dünya sakinlərini həyata qovuşdurduq.

19Sənin ölənlərin həyata qovuşacaq, meyitimlə birgə diriləcəklər.

Ey torpaq altında yatanlar, oyanın,

Sevinc nəğməsini oxuyun,

Çünki şeh torpağı necə təravətləndirirsə,

Rəbb də torpaqdakı ölüləri belə dirçəldəcək.

20Ey xalqım, keç içəri otaqlara,

Qapıları ört,

Rəbbin qeyzi keçənəcən

Qısa bir müddətə gizlən!

21Çünki budur, Rəbb yer üzünün sakinlərini

Qəbahətləri üzündən cəzalandırmaq üçün

Öz məskənindən gəlir.

Torpaq udduğu qanı üzə çıxaracaq,

Öldürülənləri artıq gizlətməyəcək.

Yeşaya 27

İsrailin qurtuluşu

1O gün Rəbb Livyatana,

qaçan ilana, Bəli, Livyatana, qıvrılan ilana

Amansız, nəhəng və qüvvətli qılıncı ilə cəza verəcək,

Dənizdəki əjdahanı öldürəcək.

2O gün Rəbb deyəcək:

«Xoşladığım bağ üçün nəğmələr oxuyun!

3Mən Rəbb, bağı qoruyuram,

Tez-tez sulayıram,

Gecə-gündüz keşiyində dururam ki,

Heç kəs ona zərər verməsin.

4Mən qəzəblənmirəm,

Kaş qarşıma tikan və qanqal çıxaydı,

Onda onlara qarşı çıxıb döyüşərdim,

Hamısını odda yandırardım.

5Yaxud qoy Mənə pənah gətirsinlər,

Mənimlə barışsınlar,

Bəli, qoy Mənimlə barışsınlar».

6Yaqub nəsli gələcəkdə kök salacaq,

İsrail şaxələnəcək, çiçəklənəcək,

Yer üzünü bəhrələri ilə dolduracaq.

7Rəbb İsraili vuran düşmənləri kimi onu vurdumu?

Yaxud O, başqalarını öldürdüyü kimi İsraili də öldürdümü?

8Rəbb Öz xalqına hökm etdi,

Qovub sürgünə göndərdi.

Şərq küləyi əsən gün Rəbb onları şiddətli yeli ilə qovdu.

9Yaqub nəslinin qəbahəti bununla bağışlanacaq,

Günahın aradan götürülməsinin tam bəhrəsi bu olacaq:

Bütpərəst qurbangahların daşları

Tabaşir kimi ovulacaq,

İlahə Aşeranın rəmzi olan sütunlar

Ya da buxur qurbangahları

Bir daha dikəlməyəcək.

10İstehkamlı şəhər tənha, kimsəsiz yurd,

Səhra kimi boş qaldı.

Orada dana otlayıb yatacaq,

Budaqları yeyib-qurtaracaq.

11Şaxələri quruyanda qoparılacaq,

Qadınlar gəlib onları yandıracaq.

Bu xalq ağılsız olduğuna görə

Yaradan onlara rəhm etməyəcək,

Xaliq onlara qarşı xeyirxah olmayacaq.

12O gün Rəbb Fərat çayından

Misir vadisinə qədər

Öz bəhrələrini yığacaq.

Siz bir-bir toplanacaqsınız, ey İsrail övladları!

13O gün böyük şeypur çalınacaq,

Aşşur torpağında itkin düşənlərlə

Misirə sürgün edilənlər gəlib

Yerusəlimdə Müqəddəs dağda

Rəbbə səcdə edəcək.

Yeşaya 28

Şimal padşahlığına xəbərdarlıq

1Məhsuldar vadinin başında yerləşən,

Şəraba uymuşların şəhərinin –

Efrayim sərxoşlarının qürurlu tacının,

İzzətli gözəlliyin və solan çiçəyin vay halına!

2Budur, Rəbbin güclü, qüvvətli bir adamı var.

O, bərk yağan dolu,

Bəla gətirən fırtına kimi,

Hər şeyi yolunda məhv edən sel kimi gəlir,

Əlləri ilə şəhəri yerlə yeksan edəcək.

3Efrayim sərxoşlarının şəhəri, qürur tacı

Ayaq altında tapdalanacaq.

4Məhsuldar vadinin başında yerləşən şəhər,

İzzətli və gözəl tac,

Artıq solan çiçəyi xatırladan şəhər,

Vaxtından əvvəl yetişən əncir kimi olacaq.

Onu görən tez dərib yeyəcək.

5O gün Ordular Rəbbi

Sağ qalan xalqı üçün

Gözəllik tacı, izzət çələngi olacaq.

6Hökm kürsüsündə oturana ədalət ruhu,

Şəhər darvazalarını müdafiə edənlərə qüdrət verəcək.

Yeşaya sərxoş peyğəmbərlərə xəbərdarlıq edir

7Kahinlər və peyğəmbərlər də şərabdan səndələyir,

İçkidən büdrəyir,

Şərab içib xumarlanıb,

İçkidən yollarını azıb.

Onlar yanlış görüntülər görür,

Tutarsız qərarlar qəbul edir.

8Bütün süfrələri qusmaq və natəmizliklə doludur,

Bulanmamış yer yoxdur!

Yeşayaya edilən istehza

9«Bu adam kimi öyrədir? Kimə öyüd verir?

Süddən kəsilmiş, ana döşündən ayrılmış körpə uşaqlaramı?

10Bu nədir?

Əmr üstünə əmr, əmr üstünə əmr,

Sətir üstünə sətir, sətir üstünə sətir,

Bir az oradan, bir az buradan».

11Onda Rəbb bu xalqla Yadellilərin ağzı ilə,

Başqa dildə danışacaq.

12O sizin hamınıza dedi:

«Rahatlıq budur,

Yorğunlara dinclik verin, budur istirahət».

Amma onlar eşitmək istəmədilər.

13Rəbbin sözü onlar üçün

«Əmr üstünə əmr, əmr üstünə əmr,

Sətir üstünə sətir, sətir üstünə sətir,

Bir az oradan, bir az buradan» olacaq ki,

Gedib arxası üstə yıxılsınlar, yaralansınlar,

Tələyə düşüb əsir aparılsınlar.

Sion üçün guşədaşı

14Buna görə də, ey rişxəndçilər,

Yerusəlimdə olan bu xalqın rəhbərləri,

Rəbbin sözünə qulaq asın!

15Madam ki siz dediniz:

«Ölümlə əhd bağladıq,

Ölülər diyarı ilə razılığa gəldik,

Ölkəyə böyük bəla gələndə

Bizə zərər verməyəcək,

Çünki yalanı özümüzə sığınacaq etdik,

Hiylənin arxasında gizləndik»,

16Buna görə də Xudavənd Rəbb belə deyir: Budur, Sionda təməl olaraq bir daş,

Sınaqdan keçirilmiş daş, qiymətli bir guşədaşı qoyuram.

Ona iman edən hər kəs narahat olmayacaq.

17Ədaləti ölçü, salehliyi şaqul edəcəyəm.

Yalan sığınacağını dolu məhv edəcək,

Gizləndiyiniz yerləri sellər yuyub-aparacaq.

18Ölümlə bağladığınız əhd ləğv olunacaq,

Ölülər diyarı ilə razılığınız qüvvədən düşəcək.

Ölkəyə böyük bəla gələndə sizi məhv edəcək.

19Bu bəla hər gələndə sizə toxunacaq.

O hər səhər, gecə-gündüz keçəcək.

Bu xəbəri anlayanda dəhşətə gələcəksiniz.

20Yataq uzanmaq üçün qısa,

Yorğan bürünmək üçün dar olacaq.

21Çünki Rəbb Perasim dağında etdiyi kimi qalxacaq, Giveon vadisindəki kimi qəzəblənəcək.

O Öz işini, qeyri-adi işini yerinə yetirəcək!

Öz əməlini, naməlum əməlini həyata keçirəcək.

22Buna görə də rişxənd etməyin ki,

Buxovlarınız daha da ağırlaşmasın.

Çünki Ordular Rəbbi Xudavənddən eşitmişəm ki,

Bütün ölkə məhv olacaq.

Allahın hikməti

23Qulaq asın, səsimi eşidin, diqqət edin,

Dediyimi dinləyin.

24Əkinçi əkin əkmək üçün durmadan yeri şumlayarmı,

Torpaqda şırım açıb malalayarmı?

25O, torpağı hamarlayandan sonra qara çörək otunu, zirəni səpməzmi?

Buğdanı sıra ilə, arpanı ayırdığı yerə, pərinci də onun yanına əkməzmi?

26Allah ona öyüd verər, onu öyrədər.

27Çünki qara çörək otunu vəl ilə döyməzlər,

Zirənin üstünə araba təkərləri ilə sürməzlər.

Qara çörək otu dəyənəklə, zirə isə çubuqla döyülər.

28Buğdanı çörək bişirmək üçün xırmanda döyürlər,

Amma o fasiləsiz döyülməz.

Xırmanın üstündən araba və atlar keçsə də, buğdanı əzməz.

29Bu hikmət Ordular Rəbbindən gəlir.

Onun məsləhəti ecazkardır, hikməti böyükdür.

Yeşaya 29

Vay Yerusəlimin halına!

1Ariel,

ey Ariel, Davudun ordugah qurduğu şəhər! İli ilə qat, bayramların keçirilsin.

2Amma Arielə əzab verəcəyəm,

O, fəryad, fəğan edəcək,

Mənim üçün qurbangah ocağı kimi olacaq.

3Sənə qarşı ətrafında ordugah quracağam,

Dövrəsinə istehkamlar düzəcəyəm,

Sənə hücum etmək üçün qüllələr tikəcəyəm.

4Alçaldılacaqsan, yerin altından danışacaqsan,

Toz-torpaq içindən səsin boğuq gələcək,

Səsin ölü səsi kimi yerdən,

Sözlərin pıçıltı kimi torpağın altından çıxacaq.

5Amma çoxlu düşmənlərin narın toz kimi,

Qorxunc adamların orduları sovrulmuş saman çöpü kimi olacaq.

Qəflətən bir an içində,

6Ordular Rəbbi göy gurultusu ilə, zəlzələ ilə,

Böyük səs-küylə, qasırğa və fırtına ilə,

Hər şeyi məhv edən od ilə sənin yanına gələcək.

7Sonra Arielə qarşı döyüşən bütün millətlərdən izdihamlar,

Ona və qalalarına qarşı savaşanların hamısı,

Ona zülm edənlər bir röya kimi,

Gecə görünən yuxu kimi yox olacaq.

8Yuxuda çörək yediyini görən ac adam

Oyananda yenə acdır.

Yuxuda su içdiyini görən susuz adam

Oyananda yenə susuzluqdan yanır.

Sion dağına qarşı döyüşən

Bütün millətlərdən izdihamlar da belə olacaq.

9Heyrətlənin və təəccüblənin,

Gözünüzü kor edin, qoy görməsin.

Şərab içmədən sərxoş olun,

İçki içmədən səndələyin.

10Çünki Rəbb sizi dərin yuxuya saldı. Ey peyğəmbərlər, gözlərinizi yumdu,

Ey görücülər, sizi kor elədi.

11 Bütün bu görüntü sizin üçün möhürlənmiş kitabın sözlərinə bənzəyir. Oxumağı bacarana bunu verib desələr: «Rica edirəm, bunu oxu!» O isə cavab verir: «Oxuya bilmərəm, çünki möhürlüdür». 12Kitabı oxuya bilməyənə verib desələr: «Bunu oxu, rica edirəm», o isə cavab verir: «Mən oxuya bilmirəm». 13

Xudavənd deyir: «Bu xalq Mənə yaxınlaşıb

Dilləri və dodaqları ilə Mənə hörmət edir,

Amma qəlbləri Məndən uzaqdır.

Onların Mənə səcdə etmələri

İnsanlardan öyrəndikləri əmrlərdən gəlir.

14Ona görə Mən bir də bu xalq üçün Yeni möcüzə, ecazkar şeylər edəcəyəm,

Müdriklərinin müdrikliyi məhv olacaq,

Aqillərinin ağlı yox olacaq».

15Öz niyyətlərini Rəbdən gizlətməyə çalışanların vay halına!

Qaranlıqda iş görən bu adamlar

«Bizi kim görür, kim tanıyır?» deyirlər.

16Bu nə cür ağılsız düşüncədir! Heç dulusçunu gil ilə bir tutmaq olarmı?

Düzəldilən əşya onu düzəldən barədə

«O məni düzəltmədi» deyərmi?

Qab onu yaradan barədə

«O heç nə anlamır» deyərmi?

17Livan tezliklə məhsuldar tarlaya,

Məhsuldar tarla isə meşəyə dönməyəcəkmi?

18O gün karlar kitabdakı sözləri eşidəcək,

Korların gözləri zülmət qaranlıqda görəcək.

19Fəqirlər Rəbdə sevinc tapacaq,

Yoxsullar İsrailin Müqəddəsində şadlanacaq.

20Çünki zülmkarlar yox olacaq,

Rişxəndçilər itib-batacaq.

Pislik etməyə hazır olanlar məhv olacaq.

21Onlar başqasına böhtan atanlar,

Şəhər darvazasında hakimə tələ quranlardır,

Haqlının haqqını nahaq yerə təhrif edənlərdir.

22Buna görə də İbrahimi qurtaran Rəbb Yaqub nəslinə belə deyir:

«Yaqub nəsli artıq utanmayacaq,

Üzləri qorxudan saralmayacaq.

23Əlimlə yaratdığım övladlarını

Aralarında görəndə

Adımı müqəddəs tutacaqlar,

Yaqubun Müqəddəsini təqdis edəcəklər,

İsrailin Allahından qorxacaqlar.

24Yolunu azanlar anlayacaq,

Gileylənənlər təlim öyrənəcək».

Yeşaya 30

Misirlə bağlanan əhd puçdur

1Rəbb bəyan edir: «Bu dikbaş övladların vay halına,

Mənim niyyətlərimi yox, öz niyyətlərini qururlar,

Ruhuma uyğun olmayan razılaşma edirlər,

Eləcə günahı günaha qatırlar.

2Məndən məsləhət almadan

Misirə gedirlər,

Fironun himayəsini axtarırlar,

Misirin kölgəsi altında sığınacaq tapırlar.

3Fəqət fironun himayəsi

Onlar üçün xəcalətə,

Misir kölgəsi altındakı

Sığınacaq rüsvayçılığa çevriləcək.

4Başçıları Soanda olduqlarına,

Elçiləri Xanesə yetişdiklərinə baxmayaraq,

5Özlərinə faydası olmayan xalqa görə hamı utanacaq.

O xalqın onlara nə köməyi, nə də faydası olacaq,

Ancaq xəcalət və rüsvayçılıq olacaq».

6Negev heyvanları barəsində xəbərdarlıq: Yəhudanın elçiləri erkək və dişi aslanların,

Gürzələrin, uçan ilanların yaşadığı

Narahat və təhlükəli torpaqdan keçirlər.

Mal-dövlətini eşşəklərin belinə,

Xəzinələrini dəvələrin hürgücünə yükləyib

Onlara kömək edə bilməyən xalq üçün aparırlar.

7Misirin köməyi boş və faydasızdır,

Buna görə də Mən Misirə

«Tənbəl Rahav»

adını qoydum. 8«İndi get, sənə danışdığımı

Onların qarşısında bir lövhəyə yaz, kitaba köçür ki,

Gələcəkdə, əbədiyyətdə şahid olsun.

9Çünki bu, üsyankar xalq,

Yalançılar nəslidir,

Rəbbin qanununa qulaq asmaq istəməyən bir soydur.

10Onlar baxıcılara “bir daha görüntü görməyin”,

Görücülərə “bizim üçün düzgün şeylər haqqında peyğəmbərlik etməyin,

Bizə xoş sözlər söyləyin,

Arzuladığımızı peyğəmbərlik edin.

11Yoldan çəkilin, bizə yol verin,

İsrailin Müqəddəsini bizimlə üzləşdirməyin” deyirlər».

12Buna görə də İsrailin Müqəddəsi belə deyir:

«Bu sözü rədd etdiyinizə görə,

Zorakılığa və yalana güvənib bel bağladığınıza görə

13Bu qəbahət sizin üçün hündür divarda əmələ gələn çata bənzəyir,

Qəflətən, bir an içində dağıla bilər.

14Ölkəniz də bir gil qab kimi qırılacaq,

Elə xıncım-xıncım olacaq ki,

Ocaqdan od götürmək üçün

Yaxud hovuzdan su çəkmək üçün bir qırığı da qalmayacaq».

15Xudavənd Rəbb, İsrailin Müqəddəsi belə deyir:

«Mənə tərəf dönüb rahatlıq tapanda xilas olarsınız,

Sakitləşib inanmaqla qüdrətli olarsınız,

Lakin siz bunu istəmirsiniz.

16Siz dediniz: “Xeyr, atlara minib-qaçacağıq”,

Buna görə siz qaçmalı olacaqsınız.

“Çevik atlara minəcəyik”.

Buna görə təqibçiləriniz də çevik olacaq.

17Min nəfər bir nəfərin hədəsinə görə qaçacaq,

Beş nəfərin hədəsinə görə hamınız qaçacaqsınız;

Sağ qalanlarınız dağın zirvəsindəki bayrağın şüvülü tək,

Təpədəki bayraq tək olacaq».

18Amma Rəbb sizə lütf göstərmək üçün gözləyir,

Yenə də sizə rəhm etməyə hazırdır,

Çünki Rəbb adil Allahdır,

Onu intizarla gözləyənlər nə bəxtiyardır!

Rəbb xalqına bərəkət verəcək

19Ey Yerusəlimdə yaşayanlar, ey Sion xalqı,

Siz artıq ağlamayacaqsınız,

Fəryad etdikdə Rəbb sizin üçün lütfkar olacaq,

Fəryadınızı eşidən kimi cavab verəcək.

20Rəbb çörəyi əzabla, suyu çətinliklə sizə verəcək,

Lakin O bir daha Mürəbbinizi sizdən gizlətməyəcək,

Onu gözünüzlə görəcəksiniz.

21Sağa ya sola azdığınız vaxt

Arxanızdan «Yol budur, gedin bu yolla»

Deyilən səsi eşidəcəksiniz.

22Onda siz gümüşlə örtülən oyma bütlərinizi,

Qızılla örtülmüş tökmə bütlərinizi

Murdar hesab edəcəksiniz.

Murdar bir şeyi atdığınız kimi onları atıb deyəcəksiniz:

«Rədd ol!»

23Rəbb yerə əkdiyiniz toxum üçün yağış verəcək,

Torpağın məhsulu bol və bərəkətli olacaq.

O gün mal-qaranız geniş otlaqlarda otlayacaq.

24Torpağı şumlayan öküzlərlə eşşəklər

Kürəklə, yaba ilə sovrulmuş duzlu yem yeyəcək.

25O böyük məğlubiyyət günündə

Qalalar yerə çökəndə

Hər hündür dağdan,

Hər uca təpədən sellər axacaq.

26Rəbb Öz xalqının yaralarını sarıdığı gün,

Zərbəsi ilə açdığı yaralarına şəfa verən gün,

Ay işığı günəş işığı,

Günəşin işığı yeddi günün işığı kimi

Yeddi qat artıq parlayacaq.

Rəbb Aşşuru cəzalandıracaq

27Budur, Rəbbin adı uzaqdan gəlir,

Qızğın qeyzlə qara bulud içində

Ağzı qəzəbli sözlərlə doludur,

Dili sanki hər şeyi məhv edən alovdur.

28Onun nəfəsi insan boğazına çatmış daşan sel kimidir,

Millətləri ələkdən keçirəcək ki, məhv olsunlar,

Xalqların ağzına yüyən taxacaq ki, yolunu azsınlar.

29Siz isə müqəddəs bayram gecəsi kimi

İlahilər oxuyacaqsınız.

Rəbbin dağına, İsrailin Qayasına tütək çalaraq çıxan tək

Ürəyiniz şadlanacaq.

30Rəbb əzəmətli səsini eşitdirəcək,

Qızğın qəzəblə, hər şeyi yandıran alovla,

Fırtına ilə, güclü leysanla, dolu ilə

Qolunun qüdrətini göstərəcək.

31Aşşur Rəbbin səsindən vahiməyə gələcək,

Rəbb dəyənəyi ilə onları vuracaq.

32Rəbbin onlara endirdiyi dəyənəyinin hər zərbəsini

Dəf və liralar müşayiət edəcək.

Döyüşərkən əl-qol atıb onları vuracaq.

33Tofet çoxdan hazırdır,

Aşşur padşahı üçün də

O yer dərinləşdirilib genişləndirilmişdir.

Od çuxurunda çoxlu odun, alov var.

Rəbbin nəfəsi kükürd axını kimi onu yandırar.

Yeşaya 31

Misirə güvənməyin

1Kömək üçün Misirə enənlərin,

Atlara güvənənlərin vay halına!

Onlar döyüş arabalarının çoxluğuna,

Süvarilərin gücünə bel bağlayır!

Amma İsrailin Müqəddəsinə baxmırlar,

Rəbbi axtarmırlar!

2Lakin Rəbb tam hikmətə malikdir,

O bəla gətirər, Öz sözlərini geri götürməz,

Pislik edən adamlara,

Günahkarlara kömək edənlərə qarşı çıxar.

3Misirlilər Allah deyil, insandır,

Atları da ətdəndir, ruhdan deyil.

Rəbb Öz əlini uzadanda

Yardım edən büdrəyəcək,

Yardım alan yıxılacaq,

Hamısı birlikdə məhv olacaq.

4Çünki Rəbb mənə belə dedi:

«Şir ya gənc aslan öz şikarı üstünə nərə çəkəndə

Bir dəstə çoban ona qarşı haray salsa da,

Aslan onların səslərindən qorxmur,

Qışqırıqlarına məhəl qoymur.

Ordular Rəbbi də elə enəcək,

Sion dağını, onun təpələrini

Qorumaq üçün döyüşəcək.

5Quş qanad açıb necə balalarını qoruyursa,

Ordular Rəbbi Yerusəlimi də belə qoruyacaq,

Müdafiə edəcək, qurtaracaq, saxlayacaq, xilas edəcək».

6Ey İsrail övladları, üz döndərdiyiniz Rəbbə tərəf dönün! 7Çünki o gün hamınız əlinizlə günahkarcasına düzəltdiyiniz qızıl və gümüş bütlərinizi tullayacaqsınız. 8«Aşşurlular qılıncdan məhv olacaq,

İnsan qılıncından yox.

Onlar qılıncdan keçiriləcək,

Amma bu insan qılıncı olmayacaq.

Aşşurlular döyüş meydanından qaçacaq,

Cavanları isə yaxalanıb qul olacaq.

9Aşşur padşahı dəhşət içində qaçacaq.

Sərkərdələri bayraqlarını atıb vəlvələyə düşəcək».

Bunu alovu Sionda,

Ocağı Yerusəlimdə olan Rəbb bəyan edir.

Yeşaya 32

Saleh padşah

1Budur, padşah salehliklə hökm sürəcək,

Başçılar ədalətlə rəhbərlik edəcək.

2Onların hər biri

Küləyə qarşı bir pənahgah,

Fırtınaya qarşı sığınacaq,

Quraqlıqda bulaqlar,

Cansıxıcı torpaqda kölgə salan böyük qaya kimi olacaq.

3Görənlərin gözləri bir daha yumulmayacaq,

Eşidənlərin qulaqları dinləyəcək.

4Ağılsızların ağlı biliyə doğru yönələcək,

Pəltəklər açıq-aydın danışacaq.

5Artıq axmaq adama alicənab deyilməyəcək,

Alçağı ağayana insan saymayacaqlar.

6Çünki axmaq səfeh-səfeh danışır,

Ürəyinin niyyəti pislik etməkdir.

Onun işi küfr edib,

Rəbbə qarşı təhqiranə danışmaq,

Acları ac, susuzları susuz qoymaqdır.

7Alçaq adamın əməlləri pisdir.

O, hiylə işlədir ki,

Yalan sözlərlə haqlı olan yoxsula ziyan versin.

8Amma alicənab adam

Alicənab şeylər barəsində fikirləşər.

Elədiyi xoş əməllər ona dayaqdır.

Hökm və qurtuluş

9Ey qayğısız qadınlar,

Qalxın, səsimi eşidin!

Ey laqeyd qızlar, sözümü dinləyin!

10Ey laqeyd qadınlar,

Siz bir ildən sonra sarsılacaqsınız,

Çünki bağda məhsul,

Meyvə yığımı olmayacaq.

11Ey qayğısızlar, əsin!

Ey laqeydlər, lərzəyə gəlin,

Geyimlərinizi çıxarın,

Soyunun, belinizə çul qurşayın.

12Gözəl tarlalar,

Məhsuldar meynələr üçün,

13Xalqımın tikanlı kollar bitən torpağı üçün,

Zövq-səfalı şəhərlərdəki şən evləriniz üçün

Sinə döyün.

14Çünki saray viranə,

İzdihamlı şəhər boş qalacaq,

Qala ilə gözətçi qülləsi

Əbədilik mağaralara çevriləcək,

Vəhşi eşşəklərin gəzdiyi,

Sürülərin otlaq yeri olacaq.

15Bunlar yuxarıdan üzərimizə Ruh tökülənədək davam edəcək.

O vaxt səhra məhsuldar tarlaya,

Məhsuldar tarla isə meşəyə dönəcək.

16Sonra ədalət səhrada məskunlaşacaq,

Salehlik məhsuldar tarlada yaşayacaq.

17Salehliyin bəhrəsi əmin-amanlıq,

Nəticəsi isə əbədi sakitlik və təhlükəsizlik olacaq.

18Xalqım əmin-amanlıq içində evlərində,

Təhlükəsiz məskəndə, rahat yerlərdə yaşayacaq.

19Dolu meşələrə düşsə də,

Şəhər yerlə yeksan olsa da,

20Bütün sulu torpaqlarda toxum əkənlər,

Oraya malını, eşşəyini sərbəst buraxanlar,

Siz nə xoşbəxtsiniz!

Yeşaya 33

Kömək üçün yalvarış

1Vay halına, ey yıxıb-dağıdan,

Amma özü yıxılmayan insan!

Vay halına, ey xain adam,

Hərçənd sənə qarşı xəyanət etməmişlər!

Sən məhv edib qurtaran zaman

Özün də yıxılacaqsan,

Sən xain əməllərindən dönəndə

Xəyanətlə rastlaşacaqsan.

2Ya Rəbb, bizə qarşı lütfkar ol,

Çünki Sənə ümid etmişik.

Hər səhər bizim qüvvətimiz ol,

Fəlakət günündə bizi qurtar.

3Sənin qüdrətli səsindən xalqlar qaçır,

Sən ayağa qalxarkən

Millətlər pərən-pərən olur.

4Çəyirtkələr tarlanı nə cür talan edirlərsə,

Ey millətlər, qənimətiniz də o cür talan olacaq.

Malınızın üstünə çəyirtkə yığını kimi cumacaqlar.

5Rəbb ucadır, yüksəklərdə oturur,

Sionu ədalətlə və salehliklə doldurur.

6O, yaşadığınız dövrün təməlidir,

Qurtuluşun, hikmətin, biliyin mənbəyidir,

Rəbb qorxusu sənin xəzinəndir.

7Budur, millətlərin igidləri küçələrdə çığırırlar.

Sülh qasidləri hönkürüb ağlayırlar.

8Yollar boşalıb, səyyahlar yoxdur.

Düşmən əhdi pozdu,

Şəhərləri dağıtdı, adamları alçaltdı.

9Ölkə yas tutur, zəifləyir,

Livan məğlub olub, solub,

Şaron səhraya dönür,

Başan və Karmelin ağacları yarpaqlarını tökür.

Rəbbin xalqlara xəbərdarlığı

10Rəbb deyir:

«İndi qalxacağam,

İndi yüksələcəyəm,

İndi ucalacağam.

11Samana hamilə qalıb küləş doğacaqsınız,

Nəfəsiniz sizi məhv edən alova dönəcək.

12Xalqlar yanıb kül olacaq,

Kəsilib odda yandırılan tikanlı kollara oxşayacaq.

13Ey uzaqda yaşayanlar,

Nə elədiyimi eşidin,

Ey yaxında yaşayanlar,

Mənim gücümü bilin».

14Siondakı günahkarlar dəhşətə,

Allahsızlar lərzəyə gəldi:

«Hər şeyi məhv edən alovun yanında hansımız yaşaya bilərik?

Əbədi yanan atəşin yanında hansımız dayana bilərik?»

15Amma salehlik yolu ilə gedən,

Doğru sözlər danışan,

Zorakılıqla əldə edilən qazancı rədd edən,

Əlini rüşvətdən uzaq tutan,

Qatillərin qurduğu qəsdə fikir verməyən,

Pisliyə qarşı gözlərini yuman

16Yüksəkliklərdə yaşayacaq,

Təpələrin başındakı qalalar onun dayağı olacaq.

O, çörəklə, su ilə təmin olunacaq.

Parlaq gələcək

17Gözlərin padşahı bütün gözəlliyi ilə görəcək,

Ucsuz-bucaqsız ölkəni seyr edəcək.

18«Haradadır xərac yığan?

Haradadır qeydiyyat aparan?

Haradadır qüllələrə nəzər salan?» deyərək

Dəhşətli günlər haqqında düşünəcəksən.

19Anlaşılmaz, yad dildə danışan

Təkəbbürlü xalqı daha görməyəcəksən.

20Bayramlar keçirdiyimiz şəhərə – Siona bax!

Gözlərin Yerusəlimi,

Sarsılmaz çadırı, sülh məskənini görəcək.

Onun payaları heç vaxt sökülməyəcək,

Kəndirlərinin heç biri qırılmayacaq.

21Lakin orada –

Geniş çayların, irmaqların olduğu yerdə

Əzəmətli Rəbb bizimlə olacaq.

Oradan avarlı qayıqlar, böyük gəmilər

Keçə bilməz.

22Çünki Rəbdir hakim olan,

Rəbdir qanunumuzu qoyan,

Padşahımız Rəbdir, Odur bizi qurtaran.

23Gəmilərinin ipləri boşaldı,

Dor ağacları yerində möhkəm dayanmadı,

Yelkənləri açılmadı.

O vaxt böyük talan malı paylanacaq,

Hətta topal adamlar da talan edəcək.

24Heç bir Sion sakini

«Xəstəyəm» deməyəcək,

Orada yaşayan xalqın günahları bağışlanacaq.

Yeşaya 34

Allahın millətlərə cəza verməsi

1Ey millətlər, yaxın gəlin, eşidin,

Ey ümmətlər, dinləyin!

Ey dünya və sakinləri,

Yer üzü və onun bütün yetirmələri, qulaq asın!

2Çünki Rəbb bütün millətlərə qarşı qəzəbləndi,

Onların ordularına qarşı qeyzə gəldi.

Onların hamısını məhv edəcək,

Ölümə məhkum edəcək.

3Ölüləri kənara atılacaq,

Meyitlərindən üfunət qalxacaq,

Dağlar onların qanına bulanacaq.

4Bütün göy cisimləri çürüyəcək, Göylər bir tumar kimi büküləcək.

Göy ulduzları meynə yarpağı kimi,

Əncir yarpağı kimi düşəcək, saralıb-solacaq.

5Rəbb deyir: «Çünki qılıncım göylərdə doyub,

Bax Edomun üzərinə,

Məhv etməyə qərar verdiyim xalqın üzərinə enir».

6Rəbbin qılıncı qanla, quzu və təkə qanı ilə doydu,

Qoç böyrəklərinin yağı ilə piy bağladı.

Çünki Rəbb Bosrada qurban,

Edomda isə böyük qırğın hazırlayıb.

7Onlarla birlikdə çöl öküzləri,

Buzovlar, güclü buğalar yerə səriləcək.

Onların ölkəsi qanla dolacaq, torpaqları piylə münbit olacaq.

8Çünki Rəbbin qisas günü var,

Siona edilən zülmlərin intiqam ili var.

9Edomun axar suları qatrana,

Torpağı kükürdə dönəcək,

Ölkənin hər tərəfi yanan qatrana çevriləcək;

10Gecə-gündüz sönməyəcək, tüstüsü həmişə qalxacaq, Nəsildən-nəslədək viran qalacaq,

Əsrlər boyu oradan heç kəs keçməyəcək.

11Orada ancaq bayquşlarla kirpilər yurd salacaq,

Böyük bayquşlarla qarğalar orada yaşayacaq.

Rəbb oranı qarmaqarışıqlıq ipi, viranəlik şaqulu ilə ölçəcək.

12Orada heç bir adlı-sanlı adam qalmayacaq ki,

Onu padşah elan etsinlər.

Bütün başçıların sonu gələcək.

13Saraylarında tikanlar,

Qalalarında gicitkən və böyürtkən bitəcək.

Ora çaqqalların yurdu, dəvəquşuların yuvası olacaq.

14Vəhşi heyvanlarla goreşənlər orada görüşəcək,

Təkələr bir-birini səsləyəcək,

Gecə heyvanları da orada məskunlaşıb rahat yer tapacaq.

15Orada bayquş yuva quracaq, yumurtlayacaq,

Öz kölgəsi altında balalar çıxaracaq.

Çalağanlar da orada cüt-cüt yığışacaq.

16Rəbbin kitabını araşdırın, oxuyun,

Bunlardan heç biri əskik olmayacaq,

Hər bir dişi heyvan öz cütünü tapacaq,

Çünki bu əmr Onun ağzından çıxdı,

Ruhu da onları toplayacaq.

17Rəbb Özü onlar üçün püşk atdı,

Əli ilə ölkəni ölçüb, onlara payladı.

Onlar bu ölkəyə əbədi malik olacaq,

Nəsildən-nəslə burada yaşayacaq.

Yeşaya 35

Müqəddəs yol

1Səhra və quru torpaq sevinəcək,

Çöl şadlanacaq, nərgiz kimi çiçəklənəcək.

2Hər yan gül açacaq,

Şadlanacaq, sevincdən nəğmə oxuyacaq.

Livanın gözəlliyi, şan-şöhrəti,

Karmelin və Şaronun cah-calalı ona veriləcək.

Hamı Rəbbin izzətini, Allahımızın əzəmətini görəcək.

3Zəif əllərə qüvvət verin, Əsən dizləri möhkəmləndirin.

4Ürəklərində qorxanlara deyin:

«Möhkəm olun, qorxmayın!

Budur, Allahınız

İntiqam almaq, düşmənlərinizdən qisas almaq üçün gəlir.

O gəlib sizə qurtuluş verəcək!»

5O vaxt korların gözləri, karların qulaqları açılacaq, 6Axsaqlar ceyran kimi hoppanacaq,

Lalların dili sevinclə nəğmə deyəcək,

Çünki səhrada bulaqlar fışqıracaq,

Quru torpaqda çaylar axacaq.

7Qızğın qum hovuza, susuz torpaq su bulaqlarına çevriləcək.

Çaqqalların yaşadığı yerlərdə qamış və qarğı bitəcək.

8Orada bir yol olacaq,

O yol «Müqəddəs yol» adlanacaq.

Murdar adam oradan keçməyəcək,

O yol qurtuluş tapanların yoludur.

Ora ilə gedənlərdən heç biri,

Hətta ağılsızlar da keçsələr,

Əsla yolunu azmayacaq.

9Orada şirlər olmayacaq,

Yırtıcı heyvanlar o yola çıxmayacaq,

Onlara orada rast gəlməyəcəklər.

Ancaq qurtuluş tapanlar o yol ilə gəzəcək.

10Rəbbin satın alınmış adamları qayıdacaq, Sevinclə nəğmə deyərək Siona gələcək.

Üzlərində əbədi sevinc olacaq,

Onlar fərəh və şadlıq tapacaq,

Kədər və qəm-qüssə yox olacaq!

Yeşaya 36

Aşşurluların hədələməsi

(2Pad. 18:13-27; 2Saln. 32:1-19)

1Xizqiyanın padşahlığının on dördüncü ilində Aşşur padşahı Sanxeriv Yəhudanın bütün qalalı şəhərlərinə hücum edib onları aldı. 2Aşşur padşahı baş vəzirini böyük qoşunla Lakişdən Yerusəlimə, padşah Xizqiyanın yanına göndərdi. Baş vəzir Mahudbasan tarlası yoluna, yuxarı hovuzun su kəmərinin yanına qalxıb orada dayandı. 3Saray rəisi Xilqiya oğlu Elyaqim, mirzə Şevna və salnaməçi Asəf oğlu Yoah onun qabağına çıxdılar. 4Baş vəzir onlara dedi: «İndi Xizqiyaya söyləyin ki, böyük padşah – Aşşur padşahı belə deyir: “Nəyə güvənirsən? 5Mən deyirəm ki, sən boş şeyə güvənirsən. Müharibə üçün tədbir və güc lazımdır. İndi sən kimə güvənirsən ki, mənə qarşı çıxırsan? 6 Yəqin sən əzilmiş qamış çubuğuna – Misirə güvənirsən. Bil ki, kim ona söykənsə, əlinə batıb deşər. Misir padşahı firon ona güvənənlərin hamısı üçün belədir. 7Bəlkə mənə ‹biz Allahımız Rəbbə güvənirik› söyləyəsən. Məgər bu o Allah deyildi ki, Xizqiya Onun səcdəgahlarını və qurbangahlarını aradan qaldırdı? O, Yəhudalılara və Yerusəlimlilərə də ‹yalnız qurbangahın önündə səcdə edin› demədimi? 8İndi ağam Aşşur padşahı ilə mərcə gəl: əgər sən iki min süvari tapa bilsən, mən sənə o qədər at verərəm. 9Görək, sən ağamın kiçik qulu olan bir başçını necə məğlub edəcəksən. Sən hələ döyüş arabaları və süvarilər almaq üçün Misirə güvənirsən! 10Məgər indi mən bu torpağı viran etməyə Rəbbin istəyi ilə gəlmədimmi? Rəbb mənə ‹bu ölkəyə hücum edib onu viran et› dedi”». 11Elyaqim, Şevna və Yoah baş vəzirə dedi: «Xahiş edirik, bu qullarınla Arami dilində danış, biz bu dili başa düşürük. Ancaq divar üzərindəki xalqın eşitdiyi yerdə bizimlə Yəhudi dilində danışma». 12Baş vəzir dedi: «Məgər ağam məni göndərib ki, bu sözləri təkcə sənin ağana və sənə, yoxsa divar üzərində oturan bu adamlara söyləyim? Axı onlar da sizinlə birgə nəcislərini yeyib, sidiklərini içəcəklər». 13Onda baş vəzir durub Yəhudi dilində uca səslə bağıraraq dedi: «Böyük padşahın – Aşşur padşahının sözünü eşidin! 14Padşah belə deyir: “Xizqiya sizi aldatmasın, sizi qurtara bilməyəcək. 15Qoy Xizqiya sizə ‹Rəbb bizi hökmən qurtaracaq və bu şəhər Aşşur padşahına təslim edilməyəcək› deyib Rəbbə arxayın etməsin”. 16Ona qulaq asmayın! Çünki Aşşur padşahı belə deyir: “Mənimlə sülh bağlayın və yanıma gəlin. Mən gələnə qədər hər kəs öz üzüm meynəsinin və əncir ağacının bəhrəsindən yeyib öz quyusunun suyundan içəcək. 17Sonra mən gəlib sizi ölkənizə bənzər bir ölkəyə – buğda, şərab, çörək, üzüm bağları olan bir torpağa aparacağam. 18‹Rəbb bizi qurtaracaq› deyib qoy Xizqiya sizi azdırmasın. Millətlərin allahlarından biri öz ölkəsini Aşşur padşahının əlindən qurtardımı? 19Hanı Xamatın və Arpadın allahları? Hanı Sefarvayimin allahları? Samariyanı mənim əlimdən qurtardılarmı? 20Bütün bu allahlardan hansı öz ölkəsini mənim əlimdən qurtardı? Bəs Rəbb necə Yerusəlimi mənim əlimdən qurtara bilər?”» 21Camaat susdu və onun cavabında heç nə demədi. Çünki padşah «ona cavab verməyin» deyə əmr etmişdi. 22Saray rəisi Xilqiya oğlu Elyaqim, mirzə Şevna və salnaməçi Asəf oğlu Yoah cırılmış paltarlarda Xizqiyanın yanına gəlib baş vəzirin sözlərini ona çatdırdılar.

Yeşaya 37

Padşah Xizqiya Yeşayadan məsləhət alır

(2Pad. 19:1-7)

1Padşah Xizqiya bunu eşidəndə paltarını cırdı və çula bürünüb Rəbbin məbədinə girdi. 2O, saray rəisi Elyaqimi, mirzə Şevnanı və kahinlərin ağsaqqallarını çula bürünmüş halda peyğəmbər Amots oğlu Yeşayanın yanına göndərdi. 3Onlar Yeşayaya dedilər: «Xizqiya belə deyir: “Bu gün bəla, təhqir və rüsvayçılıq günüdür, çünki uşaqların doğulma vaxtı çatıb, ancaq doğmağa güc yoxdur. 4Bəlkə ağası Aşşur padşahının var olan Allahı təhqir etməyə göndərdiyi baş vəzirin sözlərini Allahın Rəbb eşidib buna görə məzəmmət edər. Ona görə də qalanlar üçün dua et”». 5Padşah Xizqiyanın adamları Yeşayanın yanına gələndə 6Yeşaya onlara dedi: «Ağanıza söyləyin ki, Rəbb belə deyir: “Aşşur padşahının nökərlərinin Mənə qarşı küfr edərək söylədiyi və sənin eşitdiyin sözlərdən qorxma. 7Mən onun daxilinə elə bir ruh göndərəcəyəm ki, bir xəbər eşidib öz ölkəsinə qayıdacaq və orada onu qılıncla öldürtdürəcəyəm”».

Aşşur padşahının məktubu

(2Pad. 19:8-19)

8Baş vəzir geri qayıdıb Aşşur padşahının Livna üzərinə hücum etdiyini gördü. Çünki Lakişdən geri çəkildiyini eşitmişdi. 9Aşşur padşahına «Kuş padşahı Tirhaqa sənin üstünə vuruşmağa gəlir» xəbəri çatdı. O bunu eşidəndə Xizqiyanın yanına qasidlər göndərib dedi: 10«Yəhuda padşahı Xizqiyaya belə söyləyin: “Qoy güvəndiyin Allahın ‹Yerusəlim Aşşur padşahına təslim edilməyəcək› deyə səni aldatmasın. 11Axı sən eşitdin ki, Aşşur padşahları bütün ölkələrə nə ediblər, oraları necə viran ediblər. Sən qurtula biləcəksənmi? 12Atalarımın məhv etdikləri millətlərin – Qozanın, Xaranın, Resefin və Telassarda olan Edenlilərin allahları onları qurtardılarmı? 13Hanı Xamat padşahı, Arpad padşahı, Sefarvayim şəhərinin, Henanın və Avvanın padşahı?”» 14Xizqiya məktubu qasidlərdən alıb oxudu. O, Rəbbin məbədinə qalxıb məktubu Rəbbin önündə yerə sərdi. 15Xizqiya Rəbbə dua edib dedi: 16 «Ey keruvlar üstündə əyləşən Ordular Rəbbi olan İsrailin Allahı! Bütün dünya padşahlıqlarının Allahı yalnız Sənsən. Göyü və yeri Sən yaratmısan. 17Ya Rəbb, qulağın eşitsin, gözün görsün. Sanxerivin var olan Allaha qarşı küfr edərək göndərdiyi bütün sözlərə qulaq as. 18Ya Rəbb, doğrudur, Aşşur padşahları bütün ölkələri və onların torpaqlarını talan etdi, 19allahlarını oda atıb məhv etdi. Çünki onlar Allah deyildi, insanlar onları ağac və daşdan düzəltmişdi. 20Ey Allahımız Rəbb, indi isə yalvarıram, bizi onun əlindən qurtar və bütün dünya padşahlıqları bilsin ki, Rəbb yalnız Sənsən!»

Yeşaya Aşşurluların məğlubiyyəti barədə peyğəmbərlik edir

(2Pad. 19:20-37)

21Amots oğlu Yeşaya Xizqiyaya xəbər göndərib dedi: «İsrail Allahı Rəbb belə deyir: “Aşşur padşahı Sanxeriv barədə Mənə dua etdin”. 22Onun haqqında Rəbbin söylədiyi söz budur: “Bakirə Sion qızı

Sənə xor baxıb lağ edir,

Yerusəlim qızı

Sənin arxanca başını bulayır.

23Kimi söyüb küfr etdin?

Kimə qarşı səsini qaldırdın?

Kimə lovğalıqla baxdın?

İsrailin Müqəddəsinə!

24Nökərlərinin vasitəsilə Rəbbi təhqir edib dedin:

‹Çoxlu döyüş arabalarımla

Dağların zirvəsinə,

Livanın ən uca yerlərinə çıxdım.

Uca sidr ağaclarını,

Gözəl şam ağaclarını kəsdim,

Uzaq təpələrinə,

Yaşıl meşələrinə çıxdım.

25Quyu qazdım və sularını içdim,

Misirin bütün çaylarını ayağımla qurutdum›.

26Məgər eşitməmisən ki,

Mən çoxdan bu işi hazırladım,

Qədimdən bəri müəyyən etdiyimi

İndi yerinə yetirirəm ki,

Sən qalalı şəhərləri dağıdıb

Viranəliyə çevirəsən.

27Bu şəhərlərin sakinləri zəiflədi,

Çaşqınlığa və xəcalətə düşdü.

Yetişməmişdən əvvəl yandırılan

Çöl otu, göyərti və damda bitən ot kimi oldu.

28Sənin oturuşunu,

Girişini-çıxışını,

Mənə qarşı hiddətini bilirəm.

29Mənə qarşı hiddətləndiyinə görə,

Lovğalığın qulağıma çatdığına görə

Halqamı burnuna və yüyənimi ağzına taxacağam,

Səni gəldiyin yolla geri qaytaracağam.

30Ancaq sənin üçün əlamət budur, ey Xizqiya!

Bu il və gələn il özü yetişən barını,

Üçüncü il isə taxıl zəmilərini,

Üzüm bağları salıb onların bəhrəsini yeyin.

31Yəhuda nəslindən qurtulub sağ qalanlar

Yenə aşağıya doğru kök atacaq,

Yuxarıya doğru bəhrə verəcək.

32Çünki qalanlar Yerusəlimdən,

Xilas olanlar Sion dağından çıxacaq.

Ordular Rəbbinin qeyrəti bunu edəcək”.

33Buna g