GİRİŞ
Yoel 1
Məhv olmuş məhsul üçün yas
1Petuelin oğlu Yoelə nazil olan Rəbbin sözü budur: 2Ey ağsaqqallar, bunu dinləyin.
Ey bütün ölkə əhalisi, buna qulaq asın,
Sizin və atalarınızın dövründə
Belə bir şey olubmu?
3Siz bunu övladlarınıza danışın.
Övladlarınız da öz övladlarına,
Onların övladları isə gələcək nəslə danışsın.
4Kəsici çəyirtkələrdən qalanı qaynaşan çəyirtkə yedi,
Qaynaşan çəyirtkədən qalanı tullanan çəyirtkə yedi,
Tullanan çəyirtkədən qalanı dağıdıcı çəyirtkə yeyib-qurtardı.
5Ayılın, ey sərxoşlar və ağlayın.
Ey şirin şərab içənlər, hamınız nalə çəkin,
Ona görə ki, şirin şərab ağzınızdan alındı.
6Çünki mənim torpağımın üzərinə Qüvvətli və saysız-hesabsız bir millət gəldi.
Onların dişləri aslan dişləri kimidir,
Onlarda dişi aslanın köpək dişləri var.
7Tənəyimi məhv etdi,
Əncir ağacımı gəmirdi,
Qabıqlarını tamamilə soyub yerə atdı,
Budaqları ağ qaldı.
8Cavanlıqda nişanlısını itirən,
Büsbütün çul geyinən
Bir qız kimi yas tutun.
9Rəbbin evindən
Taxıl təqdimi və içmə təqdimi kəsildi,
Rəbbə xidmət edən kahinlər yas tutur.
10Zəmi viran qalıb, torpaq ağlayır,
Çünki taxıl zay oldu, təzə şərab qurudu,
Zeytun yağı qurtardı.
11Buğda və arpaya görə
Ey əkinçilər, utanın!
Ey bağbanlar, nalə çəkin!
Çünki torpağın məhsulları yoxa çıxdı,
12Tənək qurudu,
Əncir ağacı soldu,
Nar, xurma, alma,
Çölün bütün ağacları qurudu.
Görün ki, bəşər övladları arasından sevinc yox oldu.
Tövbəyə çağırın
13Ey kahinlər, çul geyinərək yas tutun!
Ey qurbangah xidmətçiləri, nalə çəkin!
Ey Allahıma xidmət edənlər,
Gəlin çulda gecələyin,
Çünki Allahınızın evindən
Taxıl təqdimi və içmə təqdimi yox oldu.
14Oruc üçün vaxt təyin edin,
Təntənəli toplantı çağırın.
Ağsaqqalları, ölkənin bütün əhalisini
Allahınız Rəbbin evinə yığın,
Rəbbə fəryad qoparın.
15Vay o günə! Budur, Rəbbin o günü yaxındır,
O gün Külli-İxtiyar fəlakət gətirəcək.
16O yemək gözlərimizin önündən,
Sevinc və şadlıq Allahımızın evindən yox olmadımı?
17Torpaq kəsəkləri altında toxumlar çürüdü,
Zirzəmilər boş qaldı,
Anbarlar dağıldı,
Çünki taxıllar məhv oldu.
18Heyvanlar necə də inildəyir,
Naxırlar çaşbaş qalıb,
Çünki onlar otlaqsız qalıb,
Sürülər də susuzluqdan əldən düşür.
19Ya Rəbb, Sənə fəryad edirəm,
Çünki çölün otlaqlarını alov yandırıb-yaxdı,
Bütün düzəngahın ağacları odda qovruldu.
20Çöl heyvanları da Səni çağırır,
Axı axar sular quruyub,
Çölün otlaqlarını alov yandırıb-yaxdı.
Yoel 2
Rəbbin günü – qaranlıq və zülmət günü
1Sionda şeypur çalın,
Müqəddəs dağımda bərkdən çalın.
Qoy ölkənin bütün əhalisi titrəsin,
Çünki Rəbbin günü gəlir,
Həmin gün yaxındadır.
2Qaranlıq zülmətli bir gün! Buludlu və qatı qaranlıq bir gün!
Bir qoşun gəlir
Dağlar üzərində yayılan dan kimi
Çoxsaylı və qüvvətli bir qoşun.
Elə bir qoşun ki,
Əzəldən bəri bunun kimisi olmamışdır,
Bundan sonra da nəsillər boyu olmayacaqdır.
3Önlərindəki hər şeyi od yandırıb-yaxır,
Arxada qalanları alov qovurur.
Önlərindəki Eden bağına bənzər yerdir,
Arxalarında olansa izsiz bir səhradır,
Heç nə onlardan qaçıb qurtara bilmir.
4Onlar görkəmcə ata bənzəyir. Atlar necə çapırlarsa,
Onlar da eləcə çapırlar.
5Döyüş arabalarına bənzəyən səslə,
Küləşi yandırıb-yaxan od-alovun səsi ilə,
Dağların zirvələri üzərindən tullanırlar.
Onlar hücum üçün düzülən güclü bir qoşuna bənzəyirlər.
6Onların qarşısında xalqlar sanki ağrı çəkir, Bütün üzlər solur.
7Qaçırlar igidlər kimi,
Divara dırmaşırlar cəngavərlər kimi.
Hamı nizamla gedir sırasını pozmadan.
8Heç kim yoldaşını tapdalamadan
Yolundan çıxmır.
Silahlar sırasını yarıb-keçirlər,
Lakin salamat qalırlar.
9Şəhərə doğru qaçışır,
Divarlardan atlanıb evlərə soxulurlar,
Quldur kimi pəncərələrdən girirlər.
10Qarşılarında yer sarsılır, Göylər lərzəyə gəlir,
Günəş və ay qaralır,
Ulduzlar işıqlarını gizlədir.
11Rəbb Öz ordusu önündə səs salır: Ordularının sayı-hesabı yoxdur.
Onun sözünü yerinə yetirənlər güclüdür.
Rəbbin günü möhtəşəm və çox dəhşətlidir.
Buna kim dözə bilər?
Rəbbə dönün
12Rəbb belə bəyan edir:
«İndi isə orucla, ağlamaqla, yas tutmaqla
Bütün qəlbinizlə Mənə dönün.
13Paltarlarınızı deyil, ürəyinizi yırtın, Allahınız Rəbbə tərəf qayıdın».
Çünki O, lütfkar və rəhmlidir,
Hədsiz səbirlidir, bol məhəbbətlidir,
Bəla göndərməz, rəhm edər.
14Kim bilir, bəlkə rəhm edib dönər?
Sonra Allahınız Rəbbə
Taxıl və içmə təqdimlərini verəsiniz deyə
Sizə bərəkət verər.
15Sionda şeypur çalın,
Oruc üçün vaxt təyin edin,
Təntənəli toplantı çağırın.
16Xalqı bir yerə yığın,
Camaatı təqdis edin,
Ağsaqqalları yığın,
Uşaqları və südəmər çağaları toplayın.
Bəy öz otağından,
Gəlin də öz gərdəyindən çıxsın.
17Rəbbə xidmət edən kahinlər
Məbədin eyvanı ilə qurbangah arasında ağlayıb desin:
«Ya Rəbb, xalqına qıyma,
Öz irsini rüsvay olmağa qoyma!
Qoyma onlar millətlərin dilinə düşsün.
Axı nə üçün xalqlar arasında belə deyilsin:
“Bəs hanı onların Allahı?”»
Rəbbin cavabı və bərəkət vədi
18O zaman Rəbb Öz torpağına qıymayacaq,
Öz xalqına rəhm edəcək.
19Rəbb xalqına belə cavab verəcək:
«Budur, sizə taxıl,
Təzə şərab və zeytun yağı göndərəcəyəm,
Bunlarla doyacaqsınız,
Artıq sizi millətlər arasında rüsvay etməyəcəyəm.
20Şimal tərəfdən gələn ordunu sizdən uzaqlaşdıracağam.
Onu quraq, izsiz bir yerə,
Qarşıdakı ordunu Şərq dənizinə,
Arxadan gələnləri isə Qərb dənizinə aparacağam.
Onların cəsədlərinin pis iyləri ətrafa yayılacaq».
Həqiqətən, Rəbb böyük işlər gördü.
21Qorxma, ey torpaq, sevin, fərəhlən.
Bu böyük işləri görən Rəbdir.
22Qorxmayın, ey çöl heyvanları,
Çünki çölün otlaqları göyərir.
Ağac meyvəsi ilə yüklənir,
Əncir ağacı, tənək bəhrələrini verir.
23Ey Sion xalqı,
Allahınız Rəbdə sevinin və şadlanın,
Çünki payız yağışını sizə kifayət qədər verir.
Əvvəlki kimi payız yağışı ilə
Yaz yağışını yağdırır.
24Xırmanlar taxılla dolu olacaq,
Təknələr təzə şərab və zeytun yağı ilə daşacaq.
25«Aranıza göndərdiyim böyük qoşunumun –
Kəsici çəyirtkənin, qaynaşan çəyirtkənin,
Tullanan çəyirtkənin və dağıdıcı çəyirtkənin
Yeyib-qurtardığı illərin əvəzini verəcəyəm.
26Bol-bol, doyunca yeyəcəksiniz,
Sizin üçün möcüzəli şeylər edən
Allahınız Rəbbin adına şükürlər edəcəksiniz.
Xalqım əbədi olaraq rüsvay olmayacaq.
27Onda biləcəksiniz ki,
Mən İsrailin arasındayam,
Allahınız Rəbb Mənəm,
Başqası yoxdur.
Xalqım əbədi olaraq rüsvay olmayacaq.
Rəbbin günü
28Ondan sonra isə Bütün bəşər üzərinə Ruhumu tökəcəyəm.
Oğullarınız və qızlarınız peyğəmbərlik edəcək,
Ağsaqqallarınız röyalar,
Cavanlarınızsa görüntülər görəcək.
29O günlərdə qul və qarabaşların üzərinə də
Ruhumu tökəcəyəm.
30Göylərdə və yerdə əlamətlər göstərəcəyəm:
Qan, alov və tüstü dirəkləri görünəcək.
31Rəbbin möhtəşəm və dəhşətli günü gəlməzdən əvvəl Günəş qaranlığa və ay qan rənginə dönəcək.
32Amma Rəbbin adını çağıran hər kəs xilas olacaq, Çünki Rəbbin dediyi kimi
Sion dağında və Yerusəlimdə qurtuluş olacaq,
Rəbbin çağırdığı sağ qalanlar arasında olacaq.
Yoel 3
Rəbb millətləri mühakimə edir
1O günlərdə Yəhuda və Yerusəlimin Sərvətlərini geri qaytardığım zaman
2Bütün millətləri yığıb
Yehoşafat
vadisinə endirəcəyəm. İrsim və xalqım İsraildən ötrü
Orada millətləri mühakimə edəcəyəm,
Çünki xalqımı millətlər arasında dağıtdılar,
Torpağımı da böldülər.
3Xalqım üçün püşk atdılar,
Oğlan uşaqlarını fahişə əvəzinə verdilər,
İçki içsinlər deyə
Qızları şəraba satdılar».
4 «Ey Surlular, Sidonlular və bütün Filişt vilayətlərinin əhalisi, siz kimsiniz ki, Məndən qisas alasınız. Əgər siz Məndən qisas alsanız, çox tezliklə Mən sizin etdiyinizin əvəzini öz başınıza döndərəcəyəm. 5Siz qızılımı və gümüşümü aldınız və qiymətli şeylərimi məbədlərinizə apardınız, 6Yəhuda və Yerusəlim xalqını öz vətənlərindən uzaqlaşdırmaq üçün Yunan xalqına satdınız. 7Amma Mən onları satdığınız yerdən götürəcəyəm, etdiyinizin əvəzini öz başınıza döndərəcəyəm. 8Oğul-qızlarınızı Yəhuda xalqına satacağam və Yəhuda xalqı isə onları ucqar bir millətə – Səbalılara satacaq». Rəbb belə söylədi. 9«Millətlər arasında bunu elan edin:
Döyüşə hazırlaşın,
İgidləri qızışdırın,
Bütün döyüşçülər yaxınlaşıb yuxarı çıxsın.
10Kotanlarınızdan qılınc, Dəryazlarınızdan nizə düzəldin.
Qoy zəif olan “güclüyəm” desin.
11Tələsin, ey hər tərəfdəki millətlər,
Gəlin və toplaşın.
Ya Rəbb, igidlərini oraya endir.
12Millətlər hərəkətə gələrək
Yehoşafat vadisinə çıxsın,
Çünki hər tərəfdəki bütün millətləri
Mühakimə etmək üçün orada oturacağam.
13Oraq çalın, Çünki məhsul yetişib.
Gəlin ayağınızla əzin,
Çünki üzümsıxanlar doludur,
Təknələr daşır.
Çünki onların pisliyi böyükdür».
14Kütlələr, mühakimə vadisində olan kütlələr,
Çünki mühakimə vadisində Rəbbin günü yaxındır!
15Günəş və ay qaralır,
Ulduzlar işıqlarını gizlədir.
16Rəbb Siondan nərə çəkəcək, Yerusəlimdən guruldayacaq,
Göy və yer sarsılacaq.
Lakin Rəbb Öz xalqı üçün sığınacaq yer,
İsrail övladları üçün qala olacaq.
Allahın Öz xalqına xeyir-duası
17«O zaman biləcəksiniz ki,
Müqəddəs dağım Sionda məskən salan
Allahınız Rəbb Mənəm!
Yerusəlim müqəddəs olacaq,
Artıq yadellilər oradan keçməyəcək.
18O gün belə olacaq:
Dağlardan şirin şərab damacaq,
Təpələrdən süd axacaq,
Yəhudanın bütün dərələrində sular axacaq.
Rəbbin evindən bir qaynaq çıxacaq,
Əbrişimlər
vadisini sulayacaq. 19Yəhuda xalqına qəddarlıq etdiyinə,
Torpaqlarında günahsız qan tökdüyünə görə
Misir viran qalacaq,
Edom izsiz bir səhra olacaq.
20Lakin Yəhuda əbədi qalacaq,
Yerusəlim nəsildən-nəslə keçəcək.
21Onların tökdüyü qanları
İndiyə qədər bağışlamamışam,
Lakin bundan sonra bağışlayacağam.
Rəbb Sionda məskən salır».