Mikeya

GİRİŞ

Mikeya peyğəmbər Yeşaya peyğəmbərlə bir dövrdə yaşamışdı. O, cənub padşahlığında, Yəhudanın bir kəndində anadan olmuşdu. O, Amos peyğəmbərin şimal padşahlığına çatdırdığı milli fəlakətin eyni şəkildə Yəhudanın da başına gələcəyinə əmin idi. Allah ədalətsizliyə görə xalqı cəzalandıracaqdı. Amma Amosdan fərqli olaraq Mikeyanın peyğəmbərliyində daha aydın, ümidli gələcəyin əlamətləri var. Bu hissələr xüsusilə diqqəti cəlb edir: Rəbbin bütün dünyada əmin-amanlıqla hökmranlıq etməsi (4:1-4), Davud nəslindən böyük hökmdarın gəlməsi və onun bütün millətlərə sülh gətirməsi (5:2-5a) barəsində peyğəmbərlik İsrail peyğəmbərlərinin dediklərinin ümumi nəticəsi kimi 6:8-də yekunlaşdırır:
«Ey insan, Allah sənə yaxşı olanı bildirdi;
Ədalət yaratmaqdan, məhəbbət göstərməyi sevməkdən,
İtaətkarcasına Allahınla bir yol getməkdən başqa
Rəbb səndən nə istəyir ki?»
Kitabın məzmunu:
1:1–3:12 İsrailin günahı
4:1–5:15 Rəbbin bütün dünyada əmin-amanlıqla hökm sürməsi
6:1–7:20 Rəbbin İsrailə xəbərdarlığı və ümid verməsi

Mikeya 1

Samariya və Yerusəlim üçün mərsiyə

1Yəhuda padşahları Yotam, Axaz və Xizqiyanın dövründə Samariya və Yerusəlim barəsində Moreşetli Mikeyaya görüntü ilə Rəbbin bu sözü nazil oldu.  2Eşidin, ey bütün xalqlar,

Qulaq asın, yer üzü və orada yaşayanlar!

Qoy Xudavənd Rəbb sizə qarşı müqəddəs məbədindən

Şəhadət etsin.

3Budur, Rəbb göylərdəki taxtından enir,

Yer üzünü dağların zirvəsi ilə gəzir.

4Od yanında əriyən mum tək önündə dağlar əriyəcək,

Təpələrdən gələn sellər tək yarğanlar açacaq.

5Bunlar Yaqub övladlarının üsyankarlığına,

İsrail xalqının günahlarına görədir.

Yaqub övladlarının üsyankarlığına görə

Axı kimdir müqəssir? Samariya deyilmi?

Yəhudanın bütpərəstliyinə görə

Axı kimdir təqsirkar? Yerusəlim deyilmi?

6«Buna görə Mən Rəbb Samariyanı yerlə yeksan edəcəyəm,

Yerində üzümlük salınacaq.

Daşlarını dərəyə tökəcəyəm,

Təməllərini açıq qoyacağam.

7Samariyanın bütün oyma bütləri parça-parça olacaq,

Məbədinə verilən hədiyyələr yandırılacaq,

Bütün heykəllərini dağıdacağam.

Axı bu hədiyyələr fahişəlik haqqı ilə yığılmışdı,

Onlar yenə də fahişələr üçün işlədiləcək».

8Buna görə Mən Mikeya, ağlayıb göz yaşı axıdacağam,

Ayaqyalın, lüt-üryan dolaşacağam,

Çaqqal kimi ulayacağam,

Bayquş kimi səs salacağam.

9Samariyanın yaraları sağalmaz,

Yəhudayadək yayılıb,

Xalqımın darvazalarınadək,

Yerusəlimədək çatıb.

Düşmən Yerusəlimə yaxınlaşır

10Bunu Qatda bildirməyin,

Önlərində ağlamayın.

Bet-Leafrada toz-torpaqda yuvarlanın.

11Siz ey Şafir sakinləri,

Lüt-üryan, xəcalət içində əsarətə gedin!

Saananda yaşayanlar oradan çıxa bilməyəcək.

Bet-Esel əhli yas tutacaq,

Köməyini sizdən çəkəcək.

12Marot əhalisi xeyir arzulasa da,

Rəbb Yerusəlimin darvazasına bəla gətirir.

13Ey Lakiş sakinləri, atlarınızı

Döyüş arabalarına qoşun

Sion qızını günaha batırdınız,

İsrailin üsyankarlığına bais oldunuz!

14Buna görə Moreşet-Qata cehiz verəcəksiniz,

Akziv şəhəri İsrail padşahlarını aldadacaq.

15Ey Mareşa sakinləri,

Rəbb üzərinizə yenə istilaçı gətirəcək,

Adullam mağarasına İsrailin adlı-sanlı adamları sığınacaq.

16Ey Yəhuda, əziz balalarından ötrü saçını qırx,

Qoy başın kərkəs başı kimi keçəl olsun,

Çünki övladların sürgünə aparılacaq!

Mikeya 2

Kasıblara zülm edənlərin taleyi

1Yatağında şər niyyətdə olanların,

Yamanlıq üçün qəsd quranların vay halına!

Onların gücü buna çatdığına görə

Ona səhər tezdən əməl edirlər!

2Tarlalara tamah salıb mənimsəyirlər,

Evlərə göz dikib sahib dururlar.

Ev sahibi ilə ailəsinə zülm edirlər,

Adamları mirasından məhrum edirlər!

3Buna görə də Rəbb belə deyir:

«Bu xalqa bəla gətirməyə hazırlaşıram,

Ondan boyun qaçıra bilməyəcəksiniz.

Siz bir daha dikbaş gəzməyəcəksiniz,

Çünki pis zaman gəlir.

4O gün sizi lağa qoyub,

Belə yanıqlı mərsiyə oxuyacaqlar:

“Biz tamam məhv olduq!

Rəbb xalqımın payını dəyişdirdi,

Onu necə məndən uzaqlaşdırdı,

Tarlamızı satqınlara payladı”.

5Buna görə ölkə yenə püşklə bölünsə də,

Rəbbin camaatı arasında sizə pay verəcək kimsə olmayacaq».

Yalançı vaizlər

6Adamlar deyir:

«Vəz etməyin,

Bu işlər barədə vəz etməyin,

Rüsvay olmayacağıq!»

7Ey Yaqub nəsli, belə deyilirmi:

«Məgər Rəbbin səbri tükəndi?

O belə şeylər edərmi?»

Mənim sözlərim düzgün yolla gəzənlərin xeyrinə deyilmi?

8Dünən xalqım idiniz,

Bu gün isə Mənə düşmən oldunuz.

Müharibədən qayıdanların,

Yoldan sakit keçənlərin

Əynindən paltarlarını alıb

Onları soyursunuz.

9Xalqımın qadınlarını

Rahat evlərindən qovursunuz,

Uşaqlarını Mənim verdiyim bərəkətdən

Əbədilik məhrum edirsiniz.

10Qalxın gedin,

Çünki bura istirahət yeri deyil.

Bu yer murdarlandığına görə

Dəhşətli surətdə darmadağın olacaq.

11Əgər bir adam hiyləgər ruhla gəlib yalan vəz edib desə:

«Sənə vəz edim, şərab və başqa kefləndirici içkiniz bol olacaq»,

Bu adam xalqın vaizi olar!

Rəbbin ümid vədi

12Ey Yaqub övladları,

Mən mütləq hamınızı bir yerə yığacağam,

İsrailin sağ qalanlarını toplayacağam.

Sizi ağıldakı qoyun-keçi kimi bir yerə yığacağam.

Otlaqdakı sürü kimi ölkəniz adamlarla dolacaq.

13Azad edən qalxacaq,

Sağ qalanların yolunu açacaq.

Onlar darvazanı qıracaq,

Oradan keçib-çıxacaq.

Padşahları onların qabağında gedəcək,

Rəbb önlərində gedəcək.

Mikeya 3

Mikeya İsrail rəhbərlərini ittiham edir

1Onda mən dedim:

«Dinləyin, ey Yaqub rəhbərləri,

Ey İsrail xalqının başçıları!

Axı siz ədalətli olmalısınız!

2Siz ki yaxşıya nifrət edirsiniz,

Pisliyi sevirsiniz,

Xalqımın dərisini soyursunuz,

Ətini sümüklərindən qoparırsınız,

3Siz xalqımın ətini yeyirsiniz,

Dərisini soyursunuz, sümüyünü qırırsınız.

Sanki qazanda, tavada bişirilən ət kimi

Xalqımı doğrayırsınız.

4Gün gələcək, Rəbbə fəryad edəndə

O sizə cavab verməyəcək.

O zaman Rəbb üzünü sizdən gizlədəcək,

Çünki əməlləriniz pis olub».

5Xalqını azdıran peyğəmbərlərə qarşı

Rəbb belə deyir:

«Yeməyiniz olanda

Sülh bəyan edirsiniz.

Sizə çörək verməyənlərə isə

Dava elan edirsiniz».

6Buna görə sizə görüntüsüz gecə gələcək,

Qaranlıqda falçılıq edə bilməyəcəksiniz.

Peyğəmbərlər üçün günəş batacaq,

Gündüz onlar üçün zülmət olacaq.

7Görücülər rüsvay olacaq,

Falçılar biabır olacaq,

Onların hamısı bundan utanıb susacaq,

Çünki Allahdan cavab olmayacaq.

8Mən isə Yaqub övladlarına üsyankarlığını,

İsrailə günahını bildirmək üçün

Qüvvətlə, Rəbbin Ruhu ilə,

Ədalət və cəsarətlə qurşanıram.

9Bunu dinləyin, ey Yaqub rəhbərləri,

Ey İsrail xalqının başçıları!

Siz ədalətə nifrət edirsiniz,

Hər cür düzlüyü əyriyə çevirirsiniz.

10Sionu qan bahasına bina edirsiniz,

Yerusəlimi haqsızlıq üzərində tikirsiniz.

11Rəhbərləri rüşvətlə hökm edir,

Kahinləri muzdla təlim verir,

Peyğəmbərləri falçılıq edib pul alır.

Amma Rəbbə güvənərək belə deyirlər:

«Rəbb aramızda deyilmi?

Üstümüzə bəla gəlməz».

12Buna görə də sizin üzünüzdən Sion tarla kimi şumlanacaq,

Yerusəlim daş qalağına,

Məbədin tikildiyi dağ

Meşəli təpələrə çevriləcək.

Mikeya 4

Rəbb bütün dünyada əmin-amanlıqla hökm sürəcək

(Yeş. 2:2-4)

1Axır zamanda Rəbbin evi olan dağ

Dağların zirvəsində möhkəm duracaq,

Təpələrdən yuxarı ucalacaq.

Xalqlar ona sarı gələcək.

2Çox millətlər gəlib deyəcək:

«Gəlin Rəbbin dağına,

Yaqubun Allahının evinə qalxaq,

Qoy Rəbb bizə Öz yollarını öyrətsin,

Biz Onun rizləri ilə gedək».

Siondan Rəbbin təlimi,

Yerusəlimdən Onun kəlamı yayılacaq.

3Rəbb çox xalqlar arasında hakim olacaq, Güclü millətlər haqqında qərar çıxaracaq.

Onlar qılınclarından kotan,

Nizələrindən isə dəryaz düzəldəcək.

Millət millətə qarşı qılınc qaldırmayacaq,

Artıq dava etməyi öyrənməyəcək.

4Hər kəs öz meynəsinin, əncir ağacının altında əyləşəcək, Onları qorxudan olmayacaq.

Ordular Rəbbi belə söz verdi.

5Bütün xalqlar,

Öz allahlarının adı ilə getsələr belə,

Biz daim və əbədi

Allahımız Rəbbin adı ilə gedirik.

Rəbbin xalqı sürgündən qayıdacaq

6«Gün gələcək» Rəbb bəyan edir,

«Mən şikəstləri yığacağam,

İncitdiyim pərən-pərən düşən xalqı

Bir yerə toplayacağam.

7Şikəstləri sağ qalan xalq edəcəyəm,

Atılanları güclü millətə çevirəcəyəm.

Mən Rəbb onlara Sion dağından

İndidən sonsuzadək hökm edəcəyəm».

8Sən, ey Yerusəlim, sürüyə nəzarət edən qüllə,

Sion qızının qalası,

Əvvəlki hakimiyyət sənə yenidən veriləcək,

Yerusəlim qızının səltənəti gələcək.

9İndi nə üçün uca səslə çağırırsan?

Niyə doğan qadın kimi ağrı çəkirsən?

Məgər sənin yanında padşah yoxdurmu?

Məsləhətçilərin həlak olubmu?

10Ey Sion qızı, ağrıdan qovrul,

Doğan qadın kimi bərkdən qışqır,

Çünki şəhərdən çıxıb, çöldə yaşayacaqsan,

Babilə qədər gedəcəksən.

Lakin orada xilas olacaqsan,

Rəbb səni düşmənlərinin əlindən satın alacaq.

11Amma indi çox millətlər

Sənə qarşı birləşib belə deyir:

«Qoy Sion rüsvay olub murdarlansın!

Bunu öz gözümüzlə görək!»

12Lakin onlar Rəbbin düşüncələrini bilmir,

Məsləhətini anlamır.

Xırmanda yığılan dərzlər kimi

Rəbb onları bir yerə toplamışdır.

13Rəbb belə deyir: «Ey Sion qızı,

Qalx, xırmandakı taxılını döy!

Səni dəmir buynuzlu buğa kimi,

Tunc dırnaqlı öküz kimi güclü edəcəyəm.

Sən çox xalqları əzəcəksən,

Onların qənimətini Mənə – Rəbbə,

Mal-dövlətini bütün yer üzünün Sahibinə həsr edəcəksən».

Mikeya 5

1Ey qoşunlar qızı, indi qoşunlarını topla!

Bizi dövrəyə alıblar,

İsrail hökmdarının üzünə dəyənəklə vuracaqlar.

Gələcək kamil hökmdar

2Rəbb deyir: «Ey Bet-Lexem Efrata, sən

Yəhuda nəsillərinin kiçiyi olsan da,

Mənim üçün İsrail üzərində

Hökmdar səndən çıxacaq.

Onun nəsli çox qədimlərə,

Zamanın başlanğıcına gedir».

3Hamilə qadın doğana qədər

Rəbb Öz xalqını təslim edəcək.

İsrail övladlarının yanına

Qalan qohumları qayıdacaq.

4Bu hökmdar Allahı Rəbbin əzəmətli adı ilə qalxacaq,

Rəbbin gücü ilə sürüsünü otaracaq.

Çünki yer üzünün qurtaracağınadək hər yerdə o böyük olacaq,

5Xalq onun bəxş etdiyi sülhlə yaşayacaq.

Qurtuluş və cəza

Əgər Aşşurlular ölkəmizə gələrsə,

Qalalarımıza ayaq açarlarsa,

Onlara qarşı başçılarımız –

Xalqımızdan olan çoxlu rəhbərlərimiz çıxar.

6Qılıncla Aşşur torpaqlarını, Nəmrud ölkəsini viran edəcəklər.

Aşşurlular torpağımıza gələndə,

Sərhədimizi keçəndə

Bizi rəhbərlərimiz qurtaracaq.

7Yaqub nəslinin sağ qalanları

Çoxlu xalqlar arasında

Heç kimi gözləmədən,

Bəşər övladlarından asılı olmadan

Rəbbin göndərdiyi şeh tək,

Ot üzərinə tökülən leysan kimi olacaq.

8Yaqub nəslinin sağ qalanları

Çoxlu xalqların, millətlərin arasında

Sanki meşə heyvanları arasındakı şir,

Qoyun sürüsü arasındakı gənc aslandır.

Sürünün içinə girsə, didib dağıdar,

Heç kəs ondan qurtula bilməz.

9Əlin düşmənlərin üzərinə qalxacaq,

Ey İsrail, yağıların məhv olacaq!

10«Gün gələcək» Rəbb bəyan edir,

«Atlarınızı qıracağam,

Döyüş arabalarınızı yox edəcəyəm.

11Ölkənizdəki şəhərləri darmadağın edəcəyəm,

Bütün qalalarınızı yerlə yeksan edəcəyəm.

12Əlinizdəki cadugərliyi məhv edəcəyəm,

Sizdə gələcəyideyənlər bir daha olmayacaq.

13Sizin bütlərinizi qıracağam,

Daş sütunlarınızı söküb-dağıdacağam.

Əllərinizlə düzəltdiyiniz əşyaya

Artıq səcdə etməyəcəksiniz.

14Sizin Aşera bütlərinizi qırıb-dağıdacağam.

Şəhərlərinizi viran qoyacağam.

15İtaətsiz millətlərdən qəzəblə, hiddətlə qisas alacağam».

Mikeya 6

Rəbbin İsrailə qarşı ittihamı

1Rəbbin nə dediyini indi dinləyin:

«Məhkəmə qarşısında durun,

Qoy dağlar bunun şahidi olsun,

Qoy təpələr səsinizi eşitsin!

2Ey dağlar və yerin sarsılmaz təməlləri,

Rəbbin ittihamını eşidin!

Rəbb Öz xalqını ittiham edir,

İsraili məhkəməyə verir.

3Ey xalqım, nə etmişəm sənə?

Nə ilə yormuşam səni?

Mənə cavab ver!

4Səni Misir torpağından çıxaran, Köləlik diyarından sizi satın alan,

Musanı, Harunu, Məryəmi,

Sənin qabağına göndərən Mən oldum.

5Ey xalqım, sənə qarşı Moav padşahı Balaqın niyyətlərini,

Beor oğlu Bilamın ona nə cavab verdiyini xatırla,

Şittimdən Qilqala gedəndə yolda nə baş verdiyini xatırla ki,

Rəbbin sənə göstərdiyi sədaqətini biləsən».

Rəbbin adamlardan istəyi

6Rəbbin hüzuruna nə ilə gedim?

Uca Allaha necə səcdə edim?

Önünə yandırma qurbanları ilə –

Birillik danalarla çıxımmı?

7Minlərlə qoç qurbanı,

Zeytun yağının on minlərlə seli Rəbbin xoşuna gələrmi?

Üsyankarlığıma görə ilk oğlumu,

Günahım üçün öz övladımı verimmi?

8Ey insan, O sənə nəyin yaxşı olduğunu göstərdi.
Rəbb səndən nə tələb edir?
Ədalətli davranmağı, mərhəməti sevməyi
Və təvazökarlıqla yeriməyi.

(Ey insan, Allah sənə yaxşı olanı bildirdi;)
Ədalət yaratmaqdan, məhəbbət göstərməyi sevməkdən,
İtaətkarcasına Allahınla bir yol getməkdən başqa
Rəbb səndən nə istəyir ki?)

9Rəbbin səsi şəhərə nida edir,

Onun adından qorxmaq hikmətdir.

«Ey şəhərdə toplanan camaat, eşidin!

Ey şəhər sakinləri, dinləyin!

10Məgər pislərin evindəki haram mal-dövlətdən,

Lənətli əskik ölçülərdən xəbərim yoxdur?

11Saxta tərəzi və aldadıcı çəki daşlarından

İstifadə edəni haqlı sayarammı?

12Şəhərin varlıları zorakılıq edir,

Sakinləri adamları aldadır –

Yalanla nəfəs alır.

13Buna görə Mən sizi vurmağa,

Günahlarınıza görə əzab verməyə başladım.

14Yeyəcəksiniz, amma doymayacaqsınız,

Qarınlarınız boş qalacaq.

Sərvət yığacaqsınız, amma saxlamayacaqsınız,

Qılıncla topladığınızı məhv edəcəyəm.

15Siz əkəcəksiniz, amma biçməyəcəksiniz,

Zeytun sıxacaqsınız, yağından ətir düzəltməyəcəksiniz,

Üzüm sıxacaqsınız, şərab içməyəcəksiniz.

16Axı padşah Omrinin qaydalarına riayət etmisiniz, Axav sülaləsinin adətlərinə uymusunuz,

Onların məsləhətinə görə getmisiniz,

Buna görə də sizi viranəliyə döndərəcəyəm,

Sakinlərinizi rişxənd hədəfinə çevirəcəyəm,

Xalqım olduğunuz üçün rüsvay ediləcəksiniz».

Mikeya 7

Mikeyanın mərsiyəsi

1Vay halıma!

Mən bir adama bənzəyirəm ki,

Yay mövsümündən sonra

Meyvəsi tamam yığılmış,

Tənəkləri təmizlənmiş,

Nə üzüm salxımı,

Nə də könlü istəyən bir dənə əncir yeməyə qalıb.

2Ölkədə Allaha sadiq adam qalmadı,

İnsanlar arasında doğru adam tükəndi.

Hamı qan tökmək üçün pusquda durur,

Qardaş qardaşa tələ qurur.

3Pis işlərə əlləri zirək olur,

Rəislər, hakimlər rüşvət tələb edir,

Dövlətlilər istədiklərini edir,

Hamısı hiylə ilə iş görür.

4Bunların ən yaxşısı tikandan dəyərsizdir,

Ən salehi də alaq otundan pisdir.

Peyğəmbərlərin xəbərdarlıq etdiyi kimi

Cəza günü gəldi.

İndi siz çaşbaş qalmısınız.

5Qonşunuza inanmayın,

Dostunuza bel bağlamayın,

Hətta qoynunuzda yatan arvadınızdan belə,

Ağzınızı möhkəm saxlayın.

6Çünki oğul atasına xor baxır, Qız anasına, gəlin də qayınanasına qarşı qalxır.

İnsanın düşməni öz ev əhli olub.

7Mən isə Rəbbə baxacağam,

Məni xilas edən Allahı gözləyəcəyəm.

O məni xilas edəcək,

Allahım məni eşidəcək.

Qurtuluş yolu

8Halıma sevinmə, ey düşmənim!

Mən yıxılsam da, qalxacağam.

Qaranlıqda olsam da,

Rəbb mənim nurum olacaq!

9Mənə bəraət qazandırıb

Hökmünü icra edənə qədər

Rəbbin qəzəbinə dözəcəyəm,

Çünki Ona qarşı günah işlətdim.

O sonra məni işığa çıxaracaq,

Onun salehliyini görəcəyəm.

10Düşmənim bunu görüb xəcalət çəkəcək.

O mənə demişdi:

«Allahın Rəbb haradadır?»

Bu düşmənin məğlubiyyətini görəcəyəm,

O, küçələrdə palçıq kimi tapdalanacaq.

11Ey Yerusəlim, divarlarının bərpa günü yaxınlaşır,

O gün sərhədlərin genişlənəcək.

12O gün xalqın Aşşurdan,

Misir şəhərlərindən,

Misirdən Fərat çayına qədər uzanan torpaqlardan,

Dənizdən dənizədək, dağdan dağadək,

Sənin yanına qayıdacaq.

13Lakin sakinlərinin əməllərinə görə

Yer üzü viran olacaq.

Rəbbin İsrailə məhəbbəti

14Ya Rəbb, mirasın olan sürünü –

Öz xalqını çomağınla otar.

O, çöldə indi tənha qalır,

Ətrafında isə yaxşı otlaq var.

Qoy keçmiş günlərdəki kimi

Başan və Gileadda otlasınlar.

15«Misirdən çıxdığın günlərdəki kimi

Sizə möcüzələr göstərəcəyəm».

16Millətlər bunu görəcək,

Öz qüvvətlərinə görə utanacaq.

Əlləri ilə ağızlarını yumacaq,

Qulaqları kar olacaq.

17İlan kimi torpağı yalayacaq,

Əsə-əsə yuvalarından sürünənlər kimi çıxacaq.

Ey Allahımız Rəbb, onlar Səndən qorxub

Dəhşət içində Sənə tərəf dönəcək.

18Sağ qalan xalqının cəzasını aradan götürən,

Üsyankarlığını bağışlayan

Sənin kimi Allah varmı?

Qəzəbini əbədi saxlamazsan,

Çünki məhəbbət göstərməyi xoşlayırsan.

19Yenə bizə rəhm edib şər əməllərimizi siləcəksən,

Bütün günahlarımızı

Dənizin dərinliklərinə atacaqsan.

20Qədim zamanda atalarımıza and içdiyin kimi

Yaqub nəslinə sədaqətini,

İbrahim övladlarına məhəbbətini göstərəcəksən.